
Rusiya BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqdəki münaqişə ilə bağlı qəbul etdiyi qətnamədən ciddi narazıdır.
Missiya.Az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, Rusiya və Çin səsvermədə bitərəf qalıb. Zaxarova qeyd edib ki, Moskva sənədin konsepsiyası ilə razı deyil və hesab edir ki, qətnamə regiondakı gərginliyin əsas səbəblərini əks etdirmir.
“Görünür, sənəddə belə bir yanaşma var ki, guya İran öz iradəsi və pis niyyəti ilə qonşu ölkələrdəki hədəflərə hücum etməyə başlayıb”, – deyə Zaxarova brifinq zamanı bildirib. O əlavə edib ki, Rusiya sənəd üzrə aparılan danışıqların gedişindən də narazıdır.
Xatırladaq ki, bir neçə gün öncə Təhlükəsizlik Şurası tərəfindən Bəhreynin hazırladığı və İranı Yaxın Şərq ölkələrinə qarşı hücumları dayandırmağa çağıran qətnamə qəbul olunub. Sənəddə İrana qarşı əməliyyat başladan ABŞ və İsrailin hərəkətləri qeyd olunmayıb və pislənməyib.
Səsvermə zamanı Rusiya və Çin bitərəf qalıb, Təhlükəsizlik Şurasının qalan 13 üzvü isə qətnamənin lehinə səs verib.
Seyranə QuliyevaMissiya.Az