AZ

ABŞ-dən bazarı silkələyəcək qərar: UCUZLAŞACAQ?

ABŞ strateji neft ehtiyatlarından 172 milyon bareli bazara çıxarmağı planlaşdırır.

Bu barədə ABŞ-nin energetika naziri Kris Rayt məlumat verib. Onun sözlərinə görə, qərar müharibə fonunda artan neft qiymətlərini sabitləşdirmək məqsədi daşıyır. Nazir bildirib ki, bu addım Beynəlxalq Enerji Agentliyinin 32 ölkənin iştirakı ilə razılaşdırdığı ümumilikdə 400 milyon barel neftin bazara buraxılması planının bir hissəsidir.

Bəs bu addım neft qiymətlərinin sürətlə aşağı enməsinə səbəb ola bilərmi?

Məsələ ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən iqtisadçı-ekspert Asif İbrahimov bildirib ki, ABŞ və bəzi digər iri istehlakçı ölkələrin neft qiymətlərinin sürətlə artmasının qarşısını almaq üçün strateji ehtiyatlardan istifadə etməsi qlobal enerji bazarında tez-tez tətbiq olunan mexanizmlərdən biridir:

“Xüsusilə qiymət və ya geosiyasi risklərin artdığı bir dövrlərdə bu ehtiyatlar bazara əlavə təklif yaradaraq qiymətlərin kəskin yüksəlməsini müvəqqəti şəkildə məhdudlaşdıra bilir. Bu baxımdan, ən böyük ehtiyatlardan biri məhz ABŞ Strateji Neft Rezervləri hesab olunur.

ABŞ hökuməti zərurət yarandıqda gündə təxminən 1 milyon barel civarında nefti bazara çıxarmaq imkanına malikdir. Lakin nəzərə almaq lazımdır ki, strateji ehtiyatların məqsədi bazardakı struktur problemi həll etmək deyil, əsasən qısamüddətli təklif çatışmazlığını kompensasiya etməkdir”.

O qeyd edib ki, strateji ehtiyatlardan istifadə də  təkcə ABŞ-la məhdudlaşmır:

"Beynəlxalq Enerji Agentliyi üzvü olan ölkələr də koordinasiyalı şəkildə bazara əlavə neft çıxara bilirlər. Belə hallarda birgə addımlar qlobal bazarda gündəlik bir neçə milyon barel əlavə təklif formalaşdırmaq potensialına malikdir. Ümumilikdə isə deyə bilərəm ki, əgər bazarda yaranan kəsir gündəlik 1–2 milyon barel həcmindədirsə, strateji ehtiyatların istifadəsi bu boşluğu bir neçə ay ərzində qismən kompensasiya edə bilər.

Lakin kəsirin daha uzunmüddətli və struktur xarakter daşıdığı hallarda bu mexanizm yalnız müvəqqəti təsir göstərir və bazarın balanslaşması yenə də əsasən hasilatın artması və ya qlobal tələbin azalması hesabına baş verir”.

Ekspert bildirib ki, bu səbəbdən strateji neft ehtiyatlarının bazara çıxarılması daha çox qiymətlərin kəskin sıçrayışının qarşısını almaq və bazara psixoloji sabitlik siqnalı vermək məqsədi daşıyır: 

“Uzunmüddətli perspektivdə isə enerji bazarının tarazlığı yenə də əsas istehsalçı ölkələrin hasilat siyasətindən və qlobal iqtisadi proseslərdən asılı olaraq formalaşır”.

Seçilən
95
cebheinfo.az

1Mənbələr