AZ

“BMW Group” maliyyə nəticələrini açıqladı:GƏLİRLƏRDƏ 6,3 FAİZ AZALMA

Almaniyanın lüks avtomobil istehsalçısı olan “BMW Group” 2025-ci ilə dair maliyyə nəticələrini açıqlayıb. BMW, MINI və Rolls-Royce markalarını özündə birləşdirən şirkətlər qrupunun xalis mənfəəti Çin bazarındakı sərt rəqabətin təsiri ilə 2024-cü illə müqayisədə 3 faiz azalaraq 7,45 milyard avroya enib.

Şirkətin ümumi gəlirləri ötən il əvvəlki illə müqayisədə 6,3 faiz azalaraq 133 milyard 450 milyon avro təşkil edib. 

Mənfəətdəki geriləmənin əsas səbəbi kimi avtomobil sektorunda, xüsusilə Çin bazarında güclənən rəqabət və artan gömrük rüsumları göstərilir. Bununla yanaşı, qrup qlobal bazarlardakı daralmaya baxmayaraq elektrikli avtomobil satışlarında artım qeydə alıb.


Hesabat dövründə “BMW Group”un dünya üzrə ümumi avtomobil tədarükü 0,5 faiz artaraq 2 milyon 463 min 681 ədədə çatıb. Tam elektrikli avtomobillərin satışı isə 3,6 faiz artımla 442 min 56 ədəd olub. Nəticədə elektrikli avtomobillərin ümumi satışlardakı payı 17,9 faizə yüksəlib.

Şirkət Çin bazarında satışların 12,5 faiz azalmasını Avropada 7,3 faiz, Amerika qitəsində isə 5,6 faiz artım hesabına qismən kompensasiya edə bilib.

BMW gələcək dövr üzrə proqnozlarını da açıqlayıb. Şirkət qlobal ticarət müharibələri və gömrük rüsumlarının əməliyyat mənfəətliliyinə təzyiqinin davam edəcəyi barədə xəbərdarlıq edib. Xüsusilə ABŞ-da tətbiq olunan gömrük rüsumlarının mənfəət marjasını 1,25 faiz bəndi azaldacağı gözlənilir.

2025-ci ili 5,3 faiz əməliyyat mənfəət marjası ilə başa vuran şirkət 2026-cı il üçün avtomobil bölməsi üzrə bu göstəricini 4-6 faiz intervalında proqnozlaşdırır. Bu isə uzunmüddətli 8-10 faiz hədəfindən aşağıdır.

BMW rəhbərliyi, eyni zamanda, hər səhm üzrə dividendin 10 sent artırılaraq 4,40 avroya çatdırılmasını səhmdarların ümumi yığıncağına təklif etmək qərarına gəlib.

Orxan Vahidoğlu, "İki sahil"

Seçilən
27
1
ikisahil.az

2Mənbələr