Bakivaxti saytından verilən məlumata görə, ain.az xəbər verir.
Azərbaycanın tanınmış qadın idmançılarından biri olan Yaylagül Ramazanova illərdir sərt məşqlər, böyük fədakarlıqlar və daim inkişafla formalaşan idman yolunu davam etdirir. O, təkcə qazandığı medallarla deyil, həm də ana olaraq Olimpiya arenasında çıxış etməsi, qadınlara ilham verən mövqeyi və gənclərə motivasiya dolu mesajları ilə diqqət çəkir
Bakıvaxtı.az olaraq onunla həm idman həyatının çətinlikləri, həm də qadın idmançılar üçün yaradılmalı şərait barədə danışdıq.
- Olimpiya səviyyəsində yarışmaq üçün həyatınızı köklü şəkildə dəyişdirmisiniz. Bir gün tamamilə normal həyata qayıtmaq istəyiniz olurmu, yoxsa idman artıq həyatınızı tam müəyyənləşdirir?
- İdman mənim həyatımın ayrılmaz hissəsidir. Olimpiya çempionu olmaq üçün bir çox vərdişlərini dəyişməli olursan. Demək olar ki, həyatının bütün ritmi dəyişir. Mənim üçün isə “normal həyat” anlayışı ailəm, idmanım və məqsədlərimlə birlikdə var.
- Çətin anlarda, xüsusilə də yarışda uğursuzluq yaşadığınız zaman özünüzü necə motivasiya edirsiniz? Sizi ayaqda saxlayan əsas güc nədir?
- Hər bir idmançı kimi mən də uğursuzluqlar yaşamışam. Amma bilirəm ki, uğursuzluq son deyil - sadəcə dərsdir. Məni ayaqda saxlayan əsas qüvvə məqsədim və intizamımdır. Üstəlik, ölkəm, ailəm və mənə inanan insanlar üçün çalışıram.
- Azərbaycanda qadın idmançıların beynəlxalq arenada daha çox tanınması üçün sizə bir imkan verilsəydi, hansı addımı atardınız?
- Qızların idmana daha erkən yaşdan cəlb olunması çox vacibdir. Bəzən şərait və dəstək çatışmır. Eyni zamanda qadın idmançıların mediada daha çox görünməsi lazımdır, bu, digər xanımlar üçün böyük motivasiya yaradır.
- Sizin üçün ən böyük qürur mənbəyi nələrdir: qazandığınız medallar, yoxsa insanlara ilham vermək?
- Medallar əlbəttə ki, çox qiymətlidir - illərlə çəkilən zəhmətin bəhrəsidir. Amma birinin mənə “sizə baxıb motivasiya oluram” deməsi daha başqa hissdir. Ana olduğum halda Olimpiya oyunlarında iştirakım barədə çox mesaj almışdım. Bu, mənə göstərdi ki, həyat yalnız medallardan ibarət deyil, həm də təsir etdiyin insanlardan ibarətdir.
- Gənclərə daim “idmanla məşğul olun” deyilir. Bəs bir gənc psixoloji olaraq hazır deyilsə, idman onu yıxa bilərmi? Qorxularla necə mübarizə aparmaq olar?
- İdman insanı həm möhkəmləndirir, həm də sınağa çəkir. Əsas məsələ qalib olub-olmamaq deyil, bu yolda öyrəndiklərindir. Qorxu hər zaman olur. İdman intizam yaradır, insanı güclü edir. Qorxudan qaçmaq olmaz - onun üzərinə getmək lazımdır. Çünki böyük inkişaf məhz qorxunun arxasında gizlənir.
Əli Hüseynov
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.