AZ

Yevdokimov: Rusiya İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycana minnətdardır

Rusiya İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycana minnətdardır.

"Far.Az"un Cənub bürosunun məlumatına görə, bu barədə Lənkəranda jurnalistlərə Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov bildirib.

Diplomatın sözlərinə görə, ötən gün Rusiyanın humanitar yardımının çatdırılması məsələsi Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin arasında telefon danışığı zamanı müzakirə olunub: "Rusiya təyyarəni qəbul etmək xahişi ilə Azərbaycana müraciət edib, xahişə baxılıb və İlham Əliyev tərəfindən bir saat ərzində qərar qəbul edilib. Azərbaycan tərəfinə böyük təşəkkürlər".

Səfir, həmçinin Lənkəran hava limanında prosesin təşkilinin yüksək səviyyədə olduğunu xüsusi qeyd edib: "Görürsünüz, hər şey necə gözəl təşkil olunub. Bu gün 13 ton dərman İrana çatdırılacaq".

Qeyd edək ki, martın 11-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Vladimir Putin Rusiya vətəndaşlarının İran İslam Respublikasından təxliyəsində göstərilən operativ köməyə, həmçinin ölkəsinin İrana göndərdiyi humanitar yardımın Azərbaycan ərazisindən keçməsinə yaradılmış şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Martın 10-da Azərbaycan İrana humanitar yardım göndərib. Humanitar yardımın tərkibinə 30 tona yaxın qida məhsulları, o cümlədən 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq içməli su, 600 kiloqrama yaxın çay, həmçinin 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxil idi.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Seçilən
77
7
far.az

8Mənbələr