Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı qeyd edib ki, təhlükəsizlik Azərbaycan üçün bir nömrəli məsələdir və sülh şəraitində yaşamaq qlobal səviyyədə unikal təcrübədir.
"Ermənistanla sülh yalnız kağız üzərində deyil, biz müxtəlif istiqamətlərdə bütün yüklərin Ermənistana daşınmasına olan məhdudiyyətləri aradan qaldırmışıq", - deyə dövlət başçısı bildirib.
Milli Məclisin deputatı Fazil Mustafa Redaktor.az-a açıqlamasında bildirdi ki, ölkə lideri sülhün önəmini bir daha beynəlxalq ictimaiyyətə çatdırmaq üçün bu istiqamətdə açıqlamalar verib və çox dəyərli açıqlamalardır:

"Burada da nəzərdə tutulan bütün istiqamətlərdə Azərbaycan özünün strategiyasını müəyyən edib. Bu həm də Azərbaycanın sülh niyyətinin nə qədər ciddi və ardıcıl olduğunu göstərir. Prezident də bu istiqamətdə bütün platformalardan məqsədyönlü şəkildə və effektiv istifadə edərək Azərbaycanın mövqeyini beynəlxalq tərəfdaşların diqqətinə bir daha çatdırmış olur. Həm də bu, Ermənistana bizim münasibətimizin bir göstəricisidir ki, biz sülhə nə qədər önəm verdiyimizi nəzərə alaraq, Ermənistana daşınan yüklərlə bağlı məhdudiyyətləri də aradan qaldırmışıq. Bu, bizim öz niyyətimizdə səmimi olduğumuzu göstərən əsas amillərdən biridir. Ona görə də bu məsələlərdə, məncə, bundan sonra da qarşılıqlı belə güzəştli addımların ortaya çıxması mümkündür və bu istiqamətdə artıq sülhün qalıcı olması üçün ilkin bu cür məhdudiyyətlərin də yavaş-yavaş azaldılması faydalıdır".
Aytəkin TOFİQQIZI