AZ

Hakan Fidan: Bölgədə baş verən hadisələr HHM sisteminin vacibliyini göstərdi

Bölgədə baş verən hadisələr hava hücumundan müdafiə sistemlərinin (HHM) nə qədər vacib olduğunu bir daha göstərdi.

"Far.Az" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan almaniyalı həmkarı Yohan David Vadefulla birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Türkiyə hava səmasını pozan iki raketlə bağlı NATO-nun hava hücumundan müdafiə sistemlərinin işə düşməsi Türkiyənin də üzvü olduğu və böyük dəstək verdiyi NATO-nun kollektiv müdafiə konsepsiyasına tam uyğun bir yanaşmadır: "Hava müdafiəsi sahəsində koordinasiya içindəyik. Həmkarımla müharibənin mümkün qədər tez dayandırılması məsələsində eyni fikirdəyik".

XİN rəhbəri, həmçinin əlavə edib ki, Türkiyə bölgədəki müharibənin gedişatı və sonrasına dair bütün ssenarilərə hazır vəziyyətdədir: "Bölgədə olan vətəndaşlarımızın təhlükəsizliyi üçün də gecə-gündüz çalışırıq".

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Seçilən
45
far.az

1Mənbələr