AZ

Müctəba Xameneyidən ilk çıxış: "ABŞ bazalarını vurmağa davam edəcəyik"

İranın yeni Ali Rəhbəri Müctəba Xameneyi xalqa və beynəlxalq ictimaiyyətə ilk rəsmi müraciətini edib.

Musavat.com xəbər verir ki, Xameneyinin adından yayılan mətndə o, ABŞ və müttəfiqlərinə qarşı hərbi ritorikanı daha da sərtləşdirərək, regiondakı bütün Amerika bazalarının dərhal bağlanmasını tələb edib və yeni cəbhələrin açıla biləcəyi ilə hədələyib.

Şəhidlərin qanı üçün qisas almaqdan imtina etməyəcəyini bildirən yeni lider, ölkədə daxili birliyi qorumağın hazırkı şəraitdə ən böyük vəzifə olduğunu vurğulayıb. O qeyd edib ki, Hörmüz boğazının bloklanması rıçağından düşmənə təzyiq vasitəsi kimi istifadəyə davam edilməlidir və bu strateji boğaz qlobal enerji bazarları üçün bağlı qalacaqdır. Müctəba Xameneyi həmçinin düşmənin təcrübəsiz və zəif olduğu yeni ərazilərdə əlavə cəbhələrin açılması üçün araşdırmalar aparıldığını və hərbi zərurət yaranarsa, bu nöqtələrin dərhal aktivləşdiriləcəyini diqqətə çatdırıb.
Regiondakı bütün ABŞ hərbi bazalarının dərhal qapadılmalı olduğunu, əks halda bu obyektlərin raket və dron hədəfinə çevriləcəyini bəyan edən Ali Rəhbər, müharibənin vurduğu ziyana görə düşməndən mütləq kompensasiya alınacağını deyib. "Əgər onlar təzminat ödəməkdən imtina etsələr, biz onların regiondakı aktivlərindən lazım bildiyimiz qədərini götürəcəyik, bu mümkün olmazsa, həmin dəyərdə əmlaklarını məhv edəcəyik" deyən Xameneyi, qonşu ölkələri sakitləşdirməyə çalışaraq hədəflərinin yalnız Amerika bazaları olduğunu iddia edib.

Analitiklər Müctəba Xameneyinin bu ilk müraciətinin gözləniləndən daha radikal olduğunu və İranın regional münaqişədə geri çəkilmək niyyətində olmadığını göstərdiyini vurğulayırlar.
Seçilən
52
1
yenilik.az

2Mənbələr