AZ

32 ölkədən neftlə bağlı 400 milyonluq kritik qərar Qiymətlər dəyişəcək?

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

32 ölkə neft ehtiyatlarından 400 milyon barel nefti bazara çıxarmağa razılaşıb. Bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol məlumat verib. Onun sözlərinə görə, Hörmüz boğazından neft, qaz və digər malların keçidi demək olar ki, dayandığı üçün Yaxın Şərqdəki istehsalçılar hasilatı azaltmağa başlayıblar.

Bu qərardan sonra gözləntilər nədən ibarətdir?

Globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, əgər əlavə həcm bazara çıxarılmasaydı, qiymətlər daha yüksək səviyyəyə qalxardı:

“Hazırda bazara çıxarılan təxminən 400 milyon barel neft məhz Hörmüz boğazında yaranan risklərə verilən reaksiyadır. Hörmüz boğazı tam bağlanmayıb. Boğazdan, xüsusilə də İranın neft ixracı davam edir və hazırda bazara ciddi həcmdə neft göndərir. Bundan əlavə, bəzi ölkələr alternativ marşrutlardan istifadə etməyə başlayıblar. Məsələn, Səudiyyə Ərəbistanı körfəz bölgəsindən çıxarılan nefti kəmər vasitəsilə Qırmızı dənizə yönləndilərək oradan ixrac edir. İraq və digər bəzi ölkələr isə neftlərini Aralıq dənizi istiqamətində bazarlara çıxara bilirlər. Buna görə də Hörmüz boğazının tam bağlanmasından deyil, daha çox buraxılış imkanlarının azalmasından danışmaq daha doğru olar.

Digər tərəfdən, bəzi ölkələr də bazardakı vəziyyətə uyğun olaraq neft istehsalını artırır və ehtiyatlarını bazara çıxarır. ABŞ və Kanada kimi ölkələr şist nefti hasilatını genişləndirərək istehsalı artırırlar. Bu isə bazarda yaranan boşluğu qismən kompensasiya etməyə yönəlmiş addımdır”.

Elçin Rəşidov

İqtisadçı bildirib ki, bu kontekstdə Azərbaycanın neft satış strategiyasına yenidən baxılması zəruridir:

“Hazırda ölkədə neft quyuları maksimum səviyyədə istismar olunur. Halbuki iqtisadi baxımdan daha səmərəli yanaşma belədir ki, qiymətlər aşağı olduqda hasilat müəyyən qədər azaldılsın, qiymətlər yüksəldikdə isə artırılsın. Çünki neft yataqları məhdud resursdur və bunun mümkün qədər yüksək qiymətlə satılması daha məqsədəuyğundur. Bir çox ölkələr məhz belə prinsiplə hərəkət edir. Həm neft istehsal edən, həm də neft istehlak edən dövlətlər qiymətlərin yüksək olduğu dövrdə mövcud ehtiyatlardan istifadə edir.

İstehsalçı ölkələr yüksək qiymətlərdən faydalanmaq üçün hasilatı artırır, istehlakçı ölkələr isə strateji ehtiyatlarını bazara çıxararaq bahalı neft almaqdan yayınmağa çalışırlar. Hazırda bazarda müşahidə olunan proseslər də bu məntiqə uyğundur. ABŞ və Kanada kimi ölkələr istehsalı artırır, bəzi ölkələr strateji ehtiyatlarını bazara çıxarır, OPEC+ ölkələri isə hasilatı genişləndirir. Bütün bu addımlar Hörmüz boğazında yaranan məhdudiyyətlərin təsirinə verilən reaksiyadır. Lakin bu cür tədbirlər vəziyyəti tam şəkildə kompensasiya etməyə yetərli deyil. Ona görə də İran körfəzi istiqamətində neft daşınmasında problemlər davam etdiyi müddətdə dünya bazarında neft qiymətlərinin yüksək səviyyədə qalacağı gözlənilir”.

Ləman İmran

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
44
globalinfo.az

1Mənbələr