AZ

Azərbaycanda süni intellektlə bağlı yeni cəzalar hansı risklər yarada bilər?

Ölkədə süni intellektlə bağlı qanunvericiliyə yeni dəyişikliklər təklif olunur. Təkliflərə görə, süni intellekt vasitəsilə hazırlanmış foto, video və audiomateriallar yayılan zaman onların süni intellektlə hazırlandığı açıq şəkildə işarələnməlidir. Bu tələbi pozanlar cərimələnəcək.

Ölkə.Az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz qeyd edib.
O bildirib ki, daha ciddi məsələ isə dipfeyklərlə (deepfake) bağlıdır:

“Şəxsin razılığı olmadan onun səsi və ya görüntüsü əsasında süni intellektlə saxta material hazırlamaq və yaymaq cinayət hesab ediləcək. Xüsusilə pornoqrafik və ya seksual xarakterli deepfake materialların hazırlanması və yayılması üçün 3 ildən 7 ilədək həbs cəzası nəzərdə tutulur.

Əslində bu təşəbbüs təsadüfi deyil. Son illərdə süni intellekt texnologiyalarının inkişafı ilə birlikdə dipfeyk manipulyasiyaları, reputasiya hücumları və xüsusilə seksual şantaj halları dünyada ciddi problemə çevrilib. Xüsusən də porno ilə bağlı sərt yanaşmalar tətbiq edilir. Bir çox ölkələr artıq bu risklərə qarşı hüquqi mexanizmlər qurmağa başlayıblar.

Bu baxımdan belə addımlar şəxsi həyatın, ictimai nüfuzun və informasiya təhlükəsizliyinin qorunması üçün zəruridir. Amma burada incə bir məqam da var. Süni intellektlə hazırlanmış materialların işarələnməsi media mühitində şəffaflıq yaratsa da, bunun tətbiqi mexanizmi problemlər yarada bilər. 

Əgər bu proses düzgün qurulmasa, xəbər istehsalı və informasiya mübadiləsi üçün əlavə hüquqi riskləri yarada bilər.

Süni intellektlə hazırlanmış şəkil necə sübut olunacaq, hansı səviyyədə istifadə olunanda işarələnmə tələb olunacaq, əlavə alətlərdən də istifadə edilsə, necə qiymətləndiriləcək?”

O.Gündüz süni intellektlə bağlı cərimələrin hansı formada tətbiqinin də əhəmiyyət daşıdığını qeyd edib:

“Yeni dəyişikliklərin tətbiqində təcrübələrin olmadığı bir halda məmurlar tərəfindən əlavə bürokratik əngəllər yarana bilərmi? Yəni əsas məsələ yalnız cəzaların sərtliyi deyil, qanunun necə tətbiq olunacağıdır. Çünki süni intellekt texnologiyaları sürətlə yayılır və yaxın illərdə media, kommunikasiya və yaradıcı sənayenin böyük hissəsi bu alətlərdən daha çox istifadə edəcək. 

Kimlər bundan yararlanmayacaqsa, rəqabətə tab gətirə bilməyəcək. Bu səbəbdən yeni hüquqi yanaşmalar hazırlanarkən iki məqsəd paralel qorunmalıdır.

Yəni həm vətəndaşların hüquqları və reputasiyası qorunmalıdr, digər tərəfdən isə innovasiya, yaradıcılıq və açıq informasiya istehsalına, xəbər istehsal edən qurumlara maneçilik yaradılmamalıdır”.

Billurə
 

Seçilən
33
3
olke.az

4Mənbələr