Bakı, 12 mart, AZƏRTAC
Mart ayında Körfəz ölkələri təxminən 7,9 milyon barel xam neft və ümumilikdə 9,9 milyon barel maye yanacaq istehsalını dayandıracaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.
Hesabatda bildirilir ki, Yaxın Şərqdəki münaqişə fonunda Hörmüz boğazından tankerlərin keçidinin dayanması səbəbindən qlobal neft tədarükündə bu ay əhəmiyyətli dərəcədə azalma müşahidə olunur. Bu vəziyyət Körfəzdəki neft istehsal edən ölkələrdə genişmiqyaslı istehsal azalmalarına və bəzi yataqlardan isə hasilatın tamamilə dayandırılmasına səbəb olur. Regionda gündəlik 4 milyon barel neft emalı gücü də risk altındadır. Bu vəziyyət, xüsusən də dizel və reaktiv yanacaq təchizatında qlobal miqyasda çətinliklər yaradır. Lakin Şimali Amerika neft istehsalının artması, Qazaxıstan və Rusiyanın fevralla müqayisədə tədarükü bərpa etməsi Körfəzdəki tədarük itkilərini müəyyən qədər kompensasiya edə bilir.
IEA-ya görə, dünyanın ən vacib enerji daşınması keçidlərindən biri olan Hörmüz boğazından tankerlərin keçməsi tezliklə normal vəziyyətə qayıtmasa mart ayında qlobal tədarükünün 8 milyon barel azalaraq gündəlik 98,8 milyon barelə düşəcək. Bu göstərici 2022-ci ilin birinci rübündən bəri ən aşağı səviyyə olacaq.