AZ

Əl-Ənuni: "Brüssel İrandan avropalıların təxliyəsinə görə Bakıya minnətdardır"

Avropa İttifaqı (Aİ) Xarici İşlər Xidmətinin rəsmi nümayəndəsi Ənvər əl-Ənuni Azərbaycana Avropa vətəndaşlarının İrandan təhlükəsiz repatriasiyasında göstərdiyi yardıma görə minnətdarlığını ifadə edib.

Moderator.az "Report"a istinadən xəbər verir ki, əl-Ənuni bunu azərbaycanlı jurnalistlərin suallarına cavab verərkən bildirib.

O əlavə edib ki, İranla Azərbaycan arasındakı quru sərhəd hərbi zonadan çıxış üçün mümkün marşrutlardan biridir.

Əl-Ənuni qeyd edib ki, bu marşrutdan istifadə etmək üçün Avropa İttifaqı (Aİ) ölkələrinin vətəndaşları əvvəlcədən Bakıda yerləşən öz səfirliklərinə müraciət etməlidirlər:

"Dövlət sərhədini keçmək üçün Azərbaycan hökumətindən xüsusi icazə almaq tələb olunur. Aİ-nin Bakıdakı nümayəndəliyi, eləcə də iştirakçı ölkələrin səfirlikləri İrandan Azərbaycana gedən Aİ vətəndaşları üçün sərhəd keçidini sadələşdirmək məqsədilə milli hakimiyyət orqanları ilə daimi əlaqədədir".

Bundan əlavə, o, yaranmış konsulluq böhranının həllində göstərdiyi dəstəyə görə Kanada hökumətinə təşəkkürünü bildirib:

"Onların bilavasitə sərhəddə çalışan konsulluq komandası təxliyəyə, o cümlədən Avropa İttifaqı vətəndaşlarının təxliyəsinə fəal şəkildə kömək edir".

Əl-Ənuni bir sıra Aİ ölkələrinin İrandakı diplomatik missiyalarının öz fəaliyyətlərini Bakıya köçürmək niyyətləri ilə bağlı suala dəqiq cavab verməyərək, bu qərarın onların hökumətlərindən asılı olacağını qeyd edib.

Öz növbəsində, Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Paula Pinyo əlavə edib ki, üzv dövlətlər bu işin nə qədər uzunmüddətli olacağını və Azərbaycan ərazisində hansı formatda təşkil olunacağını özləri müəyyənləşdirəcəklər.

Seçilən
47
2
moderator.az

3Mənbələr