AZ

ÜST-nin Baş direktoru: Dünyada uşaqların 80 faizindən çoxu ölümcül xəstəliklərə qarşı peyvənd olunur

Bakı, 12 mart, AZƏRTAC

1945-ci ildə orta ömür uzunluğu təxminən 45 il idi. 2025-ci ildə isə bu göstərici 73,5 ilə çatıb. Bu isə təxminən 28,5 illik artım deməkdir. Bu dünyada artım sülh, inkişaf və sağlamlıq sahəsində əldə olunan nailiyyətlərin nəticəsidir.

AZƏRTAC xəbər verir ki, bunu XIII Qlobal Bakı Forumunda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

O bildirib ki, bu gün dünyada uşaqların 80 faizindən çoxu qızılca, tetanus, difteriya və pnevmoniya kimi ölümcül xəstəliklərə qarşı peyvənd olunur. Halbuki əvvəllər bu göstərici cəmi 5 faiz idi. Son 25 ildə isə İİV/QİÇS, malyariya və vərəm səbəbindən ölüm halları əhəmiyyətli dərəcədə azalıb. Ana və uşaq ölümündə də ciddi şəkildə azalma var. Beləliklə, analar, uşaqlar və ailələr üçün daha təhlükəsiz bir dünya yaranıb.

“Pandemiyalar sərhəd tanımır və qısa zamanda bütün dünyaya yayılır. Bununla yanaşı, sərhəd tanımayan başqa problemlər də var. Məsələn, iqlim böhranı. Əgər bu kimi qlobal problemlərlə mübarizədə birlikdə fəaliyyət göstərməsək, bu vəziyyət ciddi fəlakətlərlə nəticələnə bilər”, - deyə Tedros Adhanom Qebreyesus bildirib.

Seçilən
42
2
azertag.az

3Mənbələr