AZ

Qubada 150 tələbənin iştirakı ilə düşərgə açılıb

ain.az, Azertag saytına istinadən bildirir.

Quba, 12 mart, AZƏRTAC

Martın 12-də Qubada “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan “Bizim şəhərlər: Gənclərin baxışı” adlı düşərgə açılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, düşərgəyə əsasən memarlıq ixtisasında təhsil alan 150 tələbə cəlb olunub.

Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı, “İstisu” Mineral Su Zavodunun tərəfdaşlığı ilə keçirilən düşərgə altı gün davam edəcək.

Layihənin əsas məqsədi gənclərin şəhərsalma və memarlıq sahəsində nəzəri biliklərini artırmaqla yanaşı, onların praktik düşünmə, layihələndirmə və komanda ilə işləmə bacarıqlarını inkişaf etdirmək, eyni zamanda, milli memarlıq irsi ilə müasir şəhərsalma yanaşmaları arasında əlaqəni gücləndirməkdir.

Quba Olimpiya İdman Kompleksində keçirilən açılış mərasimində Dövlət Himni səsləndirilib, layihənin tərəfdaş qurumlarının rəsmi nümayəndələri düşərgə barədə gənclərə ətraflı məlumat veriblər.

Bildirilib ki, WUF13 öncəsi Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində təşkil olunan düşərgə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşəbbüsü ilə həyata keçirilir.

Diqqətə çatdırılıb ki, bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən Azərbaycan gəncliyi ölkənin siyasi sabitliyinin, iqtisadi inkişafının və milli təhlükəsizliyinin əsas təminatçılarındandır. Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti müasir, vətənpərvər, intellektual və rəqabətqabiliyyətli gənclik formalaşdırıb.

Natiqlər qeyd ediblər ki, Azərbaycan Respublikasının Gənclər Fondu artıq 15 ildir ki, ölkəmizdə dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsinə töhfə verərək, gənclərin hərtərəfli inkişafına xidmət edən ardıcıl və məqsədyönlü təşəbbüslər reallaşdırır. Gənclər Fondu fəaliyyət göstərdiyi bütün bu illər ərzində gənclərin potensialının üzə çıxarılması, onların cəmiyyətin fəal üzvü kimi formalaşması, dövlətin sosial-iqtisadi inkişafında və asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili istiqamətində mühüm addımlar atıb.

Açılış mərasiminin bədii hissəsində düşərgənin istedadlı gənclərinin ifasında mahnılar səsləndirilib və rəqs kompozisiyaları təqdim olunub.

Müxbir - Elxan Yusifli

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
45
azertag.az

1Mənbələr