AZ

Uşaqlara sosial şəbəkələrdən istifadə MƏHDUDİYYƏTİ – Neçə yaşdan tətbiq oluna bilər? – Bəhruz Əliyevlə MÜSAHİBƏ

“Uşaqlar çox vaxt fərqinə varmadan şəxsi məlumatlarını paylaşırlar. Şəxsi məlumatlarını, olduqları yeri və şəkillərini düşünmədən paylaşaraq özlərini risk altında qoya bilərlər”.

Bu fikirləri Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının eksperti, Təhsil komitəsinin katibi Bəhruz Əliyev Bizim.Media-ya müsahibəsində bildirib.

Sözügedən müsahibəni təqdim edirik:

- Məlum olduğu kimi, fevralın 27-də Azərbaycan Prezidenti İlham Əliyev uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında Sərəncam imzaladı. Sərəncama əsasən, uşaqların sosial şəbəkələrdə zərərli təsirlərdən qorunması üçün yaş məhdudiyyətlərinin tətbiqi nəzərdə tutulur. Ümumilikdə, azyaşlıların sosial şəbəkələrdə ən çox qarşılaşdığı risklər hansılardır və onların müdafiəsi üçün yaş məhdudiyyətlərinin tətbiqini necə qiymətləndirirsiniz?

- Ölkə Rəhbərinin imzaladığı bu sərəncam rəqəmsal mühitdə uşaqların təhlükəsizliyi baxımından çox aktual bir məsələni gündəmə gətirir. Bu gün uşaqların sosial şəbəkələrdə aktivliyi artdıqca onların qarşılaşdığı risklər də çoxşaxəli və kompleks xarakter alır.

Uşaqlar sosial şəbəkələrdə aşağıdakı tip məzmunlarla qarşılaşa bilirlər:

- Zorakılıq və aqressiya səhnələri

- Pornoqrafik və ya seksual məzmun

- Narkotik və digər zərərli vərdişləri təşviq edən materiallar

- Radikal və ekstremist ideologiyalar

Bu cür məzmunlar uşaqların sağlam və düzgün inkişafına mənfi təsir göstərən amillər sırasına daxildir. Zaman keçdikcə isə yeni zərərli məzmun növlərinin də bu siyahıya əlavə olunması mümkündür. Buna görə də bu məsələnin daim diqqətdə saxlanılması və nəzarətdə olması xüsusi əhəmiyyət daşıyır. Şübhəsiz ki, belə məzmunlarla qarşılaşmaq uşaqların psixoloji inkişafına və davranışına ciddi təsir göstərərək onların düşüncə tərzinə və sosial münasibətlərinə mənfi təsir edə bilər.

Uşaqlar sosial şəbəkələrdən istifadə edərkən kiberzorakılıq (cyberbullying) kimi ciddi risklərlə qarşılaşa bilərlər. Bu hallar əsasən təhqir və alçaldıcı şərhlərin yazılması, sosial mühitdən kənarlaşdırma, təhdidlər, eləcə də foto və videoların icazəsiz şəkildə paylaşılması formasında özünü göstərir. Belə davranışlar uşaqları mənfi təsirlərə məruz qoyaraq onları yanlış istiqamətlərə yönləndirə bilər. Kiberzorakılıq uşaqlarda stress, depressiya, qorxu hissi və özünə inamın azalması kimi psixoloji problemlərin yaranmasına səbəb ola bilər. Bu baxımdan, kiberzorakılıq uşaqların psixoloji rifahına və sağlam inkişafına ciddi təsir göstərən mühüm problemlərdən biridir. Onlayn manipulyasiya və aldatma üsulları nəticəsində uşaqlar bəzən tanımadıqları şəxslərlə ünsiyyət qururlar. Bu isə fişinq və şəxsi məlumatların oğurlanması, şantaj və təhdid kimi təhlükələrin ortaya çıxmasına səbəb ola bilər.

Məlumat təhlükəsizliyi və məxfiliklə bağlı risklər də mövcuddur. Uşaqlar çox vaxt fərqinə varmadan şəxsi məlumatlarını paylaşırlar. Şəxsi məlumatlarını, olduqları yeri və şəkillərini düşünmədən paylaşaraq özlərini risk altında qoya bilərlər. Bu isə identifikasiya oğurluğu və müxtəlif təhlükəsizlik problemlərinin meydana gəlməsinə gətirib çıxara bilər.

Eyni zamanda sosial şəbəkələrin asılılıq yaratma və psixoloji təsirləri də az deyil. Sosial şəbəkələr diqqət dağınıqlığı, real sosial münasibətlərin zəifləməsi, sosial media asılılığı kimi problemlərə səbəb ola bilir. Yaş məhdudiyyətləri uşaqların rəqəmsal mühitdə qorunması üçün, mühüm qabaqlayıcı mexanizmlərdən biridir, beynəlxalq təcrübədə də müraciət olunan üsullardandır. Məhdudiyyətlərin əsas üstünlükləri ondan ibarətdir ki, onlar uşaqların zərərli məzmunla qarşılaşma riskini azaldır, platformaların məsuliyyətini artırır, valideyn nəzarətinin güclənməsinə şərait yaradır və rəqəmsal mühitdə etik davranış standartlarının formalaşmasına dəstək verir.

Lakin bu tədbirlər problemin tam həlli üçün təkbaşına kifayət etmir və bu sahədə müəyyən çətinliklər hələ də qalmaqdadır. Məsələn, yaşın müəyyən edilməsi üçün etibarlı mexanizmlər hələ tam formalaşmayıb. Texniki bilikləri daha yüksək olan yeniyetmələr mövcud məhdudiyyətləri asanlıqla keçə bilirlər. Bundan əlavə, yaşın yoxlanılması prosesində çox vaxt şəxsi məlumatların təqdim olunması tələb olunur. Eyni zamanda, maarifləndirmə və ailə nəzarəti olmadan yalnız texniki tədbirlərin tətbiqi istənilən nəticəni tam şəkildə təmin etməyə bilər.

Uşaqların sosial şəbəkələrdə qorunması üçün, kompleks yanaşma vacibdir. Məktəblərdə uşaqlara internet təhlükəsizliyi öyrədilməlidir, eyni zamanda valideynlərin maarifləndirilməsi mütləqdir. Sosial platformalar Sİ əsaslı məzmun filtrasiyası, təhlükəli istifadəçilərin sürətli bloklanması ilə bağlı məsələləri həll etməlidir. Yaş məhdudiyyətlərinin tətbiqi uşaqların sosial şəbəkələrdə təhlükəsizliyini artırmaq üçün vacib addımdır. Lakin effektiv qoruma yalnız hüquqi tənzimləmə ilə deyil, valideyn nəzarəti, rəqəmsal savadlılıq və texnoloji təhlükəsizlik mexanizmlərinin birlikdə tətbiqi ilə mümkün ola bilər.

- Uşaqların sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılmasına dünya təcrübəsində də rast gəlinir. Bir çox inkişaf etmiş ölkələrdə artıq müvafiq qadağalar tətbiq olunub. Sizcə, bu sahədə ən uğurlu və Azərbaycanda özünü doğrulda biləcək təcrübə və metod hansıdır?

- Uşaqların sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılması artıq bir çox ölkədə dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, bu sahədə təkcə qadağa deyil, kompleks yanaşma daha effektiv nəticə verir. Dünya təcrübəsində istifadə olunan bəzi əsas modelləri qeyd etmək olar. Bir çox ölkələrdə sosial şəbəkələr üçün minimum yaş həddi (adətən 13–16 yaş) tətbiq olunur.

Avstraliyanı ən ciddi modeli tətbiq edən ölkə hesab etmək olar. Belə ki, 2024-cü ilin noyabrında Avstraliya 16 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkələri qadağan edən qanun qəbul etdi. Platformalar yalnız istifadəçinin dediyi yaşa güvənməməli və uşaqların təhlükəsizliyi ilə bağlı qaydalara ciddi əməl etməlidirlər. Əks halda böyük maliyyə cərimələri ilə üzləşə bilərlər.

Fransa valideyn razılığı modelini tətbiq edir. 2023-cü ildə Fransa 15 yaşdan kiçiklərə sosial şəbəkələrə daxil olmaq üçün, valideyn razılığını məcburi edən qanun qəbul etdi. Bundan əlavə, Fransa və İspaniya Avropa İttifaqı səviyyəsində 15 yaş limitini standart etmək üçün ortaq təşəbbüs irəli sürdü.

Çin cihaz səviyyəsində nəzarət edir. Çinin kiber tənzimləmə orqanı cihaz səviyyəsindəki məhdudiyyətlər və yaşa görə ekran vaxtını məhdudlaşdıran spesifik qaydaları əhatə edən "yetkinlik yaşına çatmayanlar rejimi" proqramını həyata keçirib. Bu model texniki tətbiq baxımından ən güclü hesab edilir.

Braziliya valideyn əlaqəsi modelini tətbiq edir. Belə ki, 2025-ci ilin sentyabrında 16 yaşdan kiçik uşaqların hesablarını valideynlərinin hesabları ilə əlaqələndirməyi və uşaqlara yalnız onlara nəzərdə tutulmuş məzmuna giriş icazəsi verməyi tələb edən qanun qəbul etdi.

ABŞ-da COPPA (Children's Online Privacy Protection Act - Uşaqların Onlayn Məxfiliyinin Qorunması Qanunu) qanununa görə 13 yaşdan kiçik uşaqların məlumatlarının toplanması məhdudlaşdırılır.

Avropa İttifaqında GDPR çərçivəsində uşaqlar üçün xüsusi məlumat qoruma mexanizmləri tətbiq olunur.

Bəzi ölkələrdə uşaqların sosial şəbəkələrdən istifadəsi yalnız valideyn təsdiqi ilə mümkündür. Bu modeldə valideyn hesabı ilə uşaq hesabı əlaqələndirilir, istifadə müddəti və kontentə nəzarət edilir, təhlükəli kontaktlar bloklana bilir. Bu yanaşma xüsusilə, Skandinaviya ölkələrində geniş tətbiq olunur.

Bir çox ölkələr məktəblərdə sosial şəbəkə istifadəsinə ciddi məhdudiyyətlər qoyub. Məsələn, Böyük Britaniyada bir çox məktəblərdə dərs zamanı telefon istifadəsi qadağandır, Fransada ibtidai və orta məktəblərdə mobil telefon istifadəsinə məhdudiyyət tətbiq olunub. Cənubi Koreya məktəblərində internet istifadəsi filtrasiya olunur. Bu model uşaqların təhsil mühitində diqqətinin qorunmasına kömək edir. Bəzi ölkələr sosial media şirkətlərinə ciddi öhdəliklər qoyur. Zərərli kontentin avtomatik filtrasiya edilməsi, uşaqlar üçün xüsusi təhlükəsizlik rejimi, riskli istifadəçilərin sürətli bloklanması və s.

Azərbaycan üçün ən real və effektiv yanaşma kombinə edilmiş hibrid model ola bilər:

1. Yaş verifikasiyası mümkün ola bilər. Sosial şəbəkələrə yaş xaricində heç bir məlumat ötürmür. Yaş uyğun gəlirsə, sosial şəbəkələrə girişə icazə versin. Amma burda da müzakirə predmeti olan müxtəlif texniki və təhlükəsizlik məsələləri var. Uşaq böyüklərdən birinin məlumatları ilə daxil olaraq prosesdən yan keçə bilər. Sosial şəbəkələrin bu məsələlərdə qoyulan tələblərlə razılaşmağı və platformalara hüquqi olaraq təsir mexanizmləri bir qədər vaxt alan məsələdir.

2. Valideyn nəzarət mexanizmləri isə daha uyğun bir versiya kimi qəbul oluna bilər. Sosial şəbəkələr psixoloji davranış qaydalarına əsasən, istifadəçinin azyaşlı olduğunu təyin edib valideyn təsdiqləmə mexanizminə yönləndirə bilər.

3. Məktəb səviyyəsində məhdudiyyətlər qoyula bilər. Həm məktəb internet şəbəkəsi filtrlənə bilər, həm də dərs saatlarında telefon istifadəsinin məhdudlaşdırılması, məktəblərdə rəqəmsal təhlükəsizlik qaydaları tətbiq oluna bilər. Rəqəmsal savadlılıq da mütləqdir. Uşaqlara və valideynlərə internet təhlükəsizliyi, şəxsi məlumatların qorunması, kiberzorakılıqdan müdafiə kimi mövzular öyrədilməlidir.

4. Hər bir internet provayderin filtrlənmiş internet xidməti olmalıdır. Valideyn aplikasiya vasitəsi ilə istənilən vaxt evinin internetini filtrlənmiş internet xidməti üzərindən bir düymə ilə yönləndirə bilməlidir.

Dünya təcrübəsi göstərir ki, uşaqların sosial şəbəkələrdə qorunması üçün ən uğurlu model qanunvericilik, texnologiya, valideyn nəzarəti və maarifləndirmənin birlikdə tətbiq olunduğu kompleks yanaşmadır. Azərbaycanda da yaş məhdudiyyətlərinin tətbiqi ilə yanaşı, rəqəmsal savadlılıq və texnoloji nəzarət mexanizmlərinin inkişafı bu sahədə daha dayanıqlı nəticələr verə bilər.

- Təssüflər olsun ki, sosial şəbəkələrdə təkcə azyaşlılar üçün deyil, hər kəs üçün müəyyən risklər, təhlükələr var. Xüsusilə də, süni intellektin sürətli inkişafı kiberdələduzlar üçün də yeni imkanlar açıb. Bu cür kibertəhlükələrdən qorunmaq üçün sosial şəbəkə istifadəçiləri tərəfindən hansı tədbirlərin görülməsi zəruridir?

- Sosial şəbəkələr artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin bu platformalarda təkcə azyaşlılar deyil, bütün istifadəçilər müxtəlif kibertəhlükələrlə qarşılaşa bilirlər. Xüsusilə süni intellekt texnologiyalarının sürətli inkişafı kiberdələduzluq üsullarını daha mürəkkəb və inandırıcı edib. Məsələn, deepfake videolar, saxta səs yazıları və avtomatlaşdırılmış fişinq hücumları istifadəçiləri aldatmaq üçün geniş istifadə olunur. Bu risklərdən qorunmaq üçün sosial şəbəkə istifadəçilərinin bir neçə əsas təhlükəsizlik qaydasına əməl etməsi vacibdir. Məsələn, güclü və unikal parollardan istifadə etməli, iki faktorlu autentifikasiya (2FA) aktiv etməli, eyni parolu bir neçə platformada istifadə etməməlidirlər. Bu üsullar hesabın ələ keçirilməsi riskini ciddi şəkildə azaldır.

Sosial şəbəkələrdə həddindən artıq şəxsi məlumat paylaşmaq təhlükəlidir.

İstifadəçilər aşağıdakı məlumatları açıq şəkildə paylaşmamağa çalışmalıdırlar:

- Ev ünvanı və telefon nömrəsi;

- maliyyə məlumatları;

- gündəlik yerləşmə və hərəkət məlumatları.

Bu məlumatlar kiberdələduzlar tərəfindən sosial mühəndislik hücumlarında istifadə oluna bilər. Kiberdələduzluğun ən yayılmış üsullarından biri fişinq (phishing) hücumlarıdır. İstifadəçilər tanımadıqları şəxslərdən gələn linkləri açmamalı, lotereya, hədiyyə və ya təcili pul tələb edən mesajlara etibar etməməli, rəsmi mənbələri yoxlamadan məlumat paylaşmamalıdırlar.

Sİ texnologiyası vasitəsilə hazırlanan deepfake videolar, saxta səs yazıları, real insanları təqlid edən bot hesablar istifadəçiləri aldatmaq üçün istifadə oluna bilər. Buna görə də hər hansı sensasion və ya şok məlumatın mənbəsini yoxlamaq vacibdir.

Sosial şəbəkələrdə mövcud olan gizlilik tənzimləmələri istifadəçilərə məlumatlarını qorumağa kömək edir. Hesabların kimlər tərəfindən görünə biləcəyi, kimlərin mesaj göndərə biləcəyi, hansı məlumatların açıq olduğu mütəmadi olaraq yoxlanmalıdır. Kibertəhlükələrdən qorunmanın ən effektiv yollarından biri də rəqəmsal savadlılıqdır. İstifadəçilər internet təhlükəsizliyi, məlumatların qorunması və sosial mühəndislik hücumları barədə məlumatlı olmalıdırlar.

Sosial şəbəkələrdə təhlükəsizlik yalnız texnoloji məsələlərdən ibarət deyil. Bu, həm də istifadəçilərin davranışı və məlumatlılığı ilə bağlıdır. Güclü autentifikasiya, şəxsi məlumatların qorunması, şübhəli məzmunlara qarşı diqqət və rəqəmsal savadlılıq sosial şəbəkələrdə kibertəhlükələrdən qorunmanın əsas şərtləridir.

Bizim.Media

Seçilən
8
1
bizim.media

2Mənbələr