AZ

Əsaslı təmirdən sonra yaşayış binaları hərbi qulluqçuların istifadəsinə verilib 

Prezident İlham Əliyevin 2026-cı ili ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan etməsi haqqında Sərəncamına uyğun olaraq həyata keçirilən abadlıq və quruculuq işlərinə töhfə vermək məqsədilə Dövlət Sərhəd Xidmətində (DSX) müvafiq tədbirlərin icrası davam etdirilir.

Bu barədə AZƏRTAC-a xidmətin mətbuat mərkəzindən məlumat verilib.

Bildirilib ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar müvafiq göstərişinə əsasən, martın 12-də DSX-nin “Qubadlı” əlahiddə sərhəd diviziyasının N saylı hərbi hissəsində əsaslı təmirdən çıxmış 53 mənzildən ibarət ikimərtəbəli və dördmərtəbəli “Sərhədçi” yaşayış kompleksi zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının istifadəsinə verilib.

Tədbir zamanı bildirilib ki, müasir standartlara cavab verən yaşayış binalarına su və elektrik xətləri çəkilib, mərkəzləşdirilmiş istilik sistemi quraşdırılıb, mənzillər mətbəx avadanlığı ilə təchiz olunub. Binaların həyətində sakinlərin istirahəti üçün park və idman meydançası salınıb, yaşıllaşdırma işləri görülüb, müxtəlif ağac və gül kolları əkilib, əraziyə asfalt örtük çəkilib.

DSX-nin rəisi general-polkovnik Elçin Quliyev dövlət sərhədinin mühafizəsi və müdafiəsində fərqlənmiş hərbi qulluqçulara orden və medallar, həmçinin xidməti mənzillərin orderlərini təqdim edib, yaşayış binalarında yaradılmış şəraitlə tanış olub və hərbi qulluqçuların ailə üzvləri ilə görüşüb.

Sakinlər yaradılan şəraitdən məmnunluq ifadə edərək göstərdiyi ali diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Seçilən
96
11
azerbaijan-news.az

10Mənbələr