AZ

Şəhid qızı Aysu Abdullazadə: Qəbələ düşərgəsi mənə dostlar və unudulmaz xatirələr qazandırdı

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Qəbələ, 12 mart, AZƏRTAC

Qəbələnin füsunkar təbiətində keçirilən III qış düşərgəsi şəhid övladlarının yaddaşında dərin izlər buraxır.

Düşərgənin ən fəal iştirakçılarından biri, şəhid Eldar Abdullayevin qızı Aysu Abdullazadə AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində təəssüratlarını bölüşüb.

Aysu bildirib ki, düşərgəyə gəlməzdən öncə müəyyən tərəddüdləri olub: “Düzünü desəm, bu dəvəti alanda bir qədər tərəddüd etdim. Qarı çox sevsəm də, qış idman növlərinə o qədər də marağım yox idi. Lakin son anda gəlməyə qərar verdim və indi bu addımıma görə özümü çox xoşbəxt hiss edirəm”.

Düşərgənin ona qazandırdığı ən böyük dəyərin yeni dostluqlar olduğunu vurğulayan müsahibimiz qeyd edib: “Bura gələndə yolda artıq bir neçə həmyaşıdımla tanış oldum, maraqlı müzakirələr apardıq. Düşərgə müddətində isə bu dostluqların dairəsi daha da genişləndi. Onların dünyaya baxışı ilə tanış olmaq, oxşar taleyi paylaşan yaşıdlarımla vaxt keçirmək mənə mənəvi güc verdi”.

Aysu Abdullazadə onlara göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlığını ifadə edib: “Bizə belə gözəl, yaddaqalan günlər və xatirələr yaşadan “YAŞAT” Fonduna, eləcə də Qəbələdə hər birimizə səmimiyyətlə yanaşan, mənəvi dayaq olan bütün heyətə təşəkkür edirəm. Arzulayıram ki, bu cür düşərgələr tez-tez təşkil olunsun, çünki bu, bizim birliyimiz və inkişafımız üçün çox önəmlidir”.

Müxbir - Rasim İslamoğlu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
39
azertag.az

1Mənbələr