AZ

Miroslav Layçak: BMT bu günün və sabahın çağırışlarına uyğunlaşdırılmalıdır

Bakı, 12 mart, AZƏRTAC

Biz çoxtərəfliliyin böhranını müşahidə edirik. Məşhur bir deyim də var ki, böhran, eyni zamanda, bir fürsətdir. Ona görə də, indi islahatların vaxtıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “BMT 80+” mövzulu paneldə Slovakiya Respublikasının sabiq xarici işlər naziri Miroslav Layçak deyib.

O bildirib ki, əsas məsələ BMT-nin bu günün və sabahın çağırışlarına daha səmərəli cavab verə bilməsinin uyğunlaşdırılmasıdır. Bu baxımdan əsas məqamlardan biri düzgün gündəliyin müəyyən edilməsidir. Bildiyimiz kimi, BMT-nin üç əsas sütunu var - sülh və təhlükəsizlik, inkişaf və insan hüquqları. Biz həm də gördük ki, təhlükəsizlik yalnız müharibənin olmaması demək deyil. Buraya inkişaf, miqrasiya, səhiyyə və iqlim kimi məsələlər də daxildir. Üzv dövlətlərin illərlə yalnız öz milli gündəliklərini təkrar etmələri əvəzinə, bu günün və sabahın problemlərinə diqqət ayırmaları vacibdir.

Miroslav Layçak, həmçinin təmsilçilik məsələsinin vacibliyini vurğulayıb. Qeyd edib ki, Qlobal Cənub ölkələrinin səsi daha güclü eşidilməlidir. Eyni zamanda, institusional islahatlar və sabit maliyyələşmə də əhəmiyyətlidir. Digər vacib məsələ isə müxtəlif ölkələr və təşkilatlar arasında daha yaxşı koordinasiya və əməkdaşlığın təmin olunmasıdır. Çünki hazırda çox sayda prosedur və protokollar mövcuddur və bu da prosesləri çətinləşdirir.

Seçilən
43
1
azertag.az

2Mənbələr