ain.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 12 mart, AZƏRTAC
Ramazan ayı münasibətilə Benilüks Azərbaycanlıları Konqresi, Belçika-Niderland Azərbaycanlılarının Koordinasiya Şurasının və “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının təşkilatçılığı və dəstəyilə Vətən müharibəsi əlili və müharibə veteranları üçün iftar süfrəsi açılıb.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Sonra Benilüks Azərbaycanlıları Konqresinin (BAK) fəaliyyəti haqqında təqdimat videosu nümayiş etdirilib. BAK-ın sədri, Belçika-Niderland Azərbaycanlılarının Koordinasiya Şurasının koordinatoru Elsevər Məmmədov xaricdə yaşayan azərbaycanlıların birliyinin möhkəmləndirilməsinin, diaspora fəaliyyətinin gücləndirilməsinin və şəhid ailələri ilə qazilərə göstərilən diqqətin vacibliyini vurğulayıb.
Vurğulanıb ki, Prezident İlham Əliyev xaricdə yaşayan azərbaycanlıların vahid məqsəd ətrafında birləşməsini, onların təşkilatlanmasını və Azərbaycanın milli maraqlarının beynəlxalq platformalarda qətiyyətlə müdafiə olunmasını daim diqqət mərkəzində saxlayır.
Tədbir çərçivəsində Azərbaycan həqiqətlərinin Avropada təbliğində Benilüks Azərbaycanlıları Konqresi ilə göstərdikləri səmərəli əməkdaşlığa görə bir sıra şəxslər Benilüks Azərbaycanlıları Konqresinin medalı ilə təltif ediliblər.
Tədbirdə Azərbaycan muğamları səsləndirilib.







Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.