Stokholm, 12 mart, AZƏRTAC
Azad edilmiş Şuşa şəhəri bu gün təkcə ictimai müzakirələrin deyil, həm də elmi araşdırmaların mövzusuna çevrilir. Belə tədqiqatlardan birini İsveçin aparıcı ali təhsil müəssisələrindən biri olan Lund Universitetini magistratura səviyyəsində bitirmiş həmyerlimiz Həmidəxanım Hüseynova hazırlayıb.
Özünün magistr dissertasiyasında Şuşanın dayanıqlı inkişaf perspektivlərini və gələcək şəhər görünüşünü araşdırıb.
AZƏRTAC-ın müxbiri ilə söhbətində Həmidəxanım Hüseynova tədqiqat işi və onun əsas ideyaları barədə danışıb.
— Həmidəxanım, dissertasiyanızı niyə dayanıqlı urbanizasiya mövzusuna həsr etmək qərarına gəldiniz və araşdırmanızın mərkəzində niyə məhz Şuşa şəhəri yer aldı?
— Mən “Ətraf mühit elmləri və dayanıqlı inkişaf” ixtisası üzrə təhsil aldığım üçün tədqiqatımın istiqaməti də dayanıqlı şəhərsalma mövzusuna həsr olunmuşdu. Xüsusilə münaqişədən sonrakı dövr, yəni müharibə və ya təbii fəlakətlər nəticəsində zərər görmüş şəhərlərin necə bərpa olunduğu və bu prosesdə dayanıqlı şəhərsalma prinsiplərinin necə tətbiq oluna biləcəyi məni maraqlandırırdı.
Təhsil dövründə Şuşaya səfər etmək imkanım oldu və bu səfər mənə göstərdi ki, bu tarixi şəhər tədqiqatım üçün həm çox aktual, həm də simvolik nümunədir. Buna görə də magistr dissertasiyamda – “Şuşanın vizyonu: dayanıqlı şəhər energetikasına və mobil gələcəyə aparan yol” adlı tədqiqatımda şəhərin gələcək inkişafını dayanıqlı energetika və şəhər mobilliyi prizmasından araşdırmaq qərarına gəldim.
Eyni zamanda hesab edirəm ki, may ayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası həm yerli, həm də beynəlxalq ekspertlərlə tədqiqat ideyalarımı bölüşmək, eləcə də Şuşanın şəhərsalma potensialına diqqət cəlb etmək üçün yaxşı imkan olacaq.
— Şuşaya səfəriniz tədqiqatınızın istiqamətinə necə təsir göstərdi?
— Ümumilikdə müharibə nəticəsində dağıdılmış şəhərlərin bərpası zamanı ən vacib məsələlərdən biri həmin yerlərə qayıdan insanların şəhərlə mənəvi bağlılığının nəzərə alınmasıdır. İnsanların yenilənmiş şəhərdə nə görmək istədiyini və hansı mühiti hiss etmək arzusunda olduqlarını anlamaq çox vacibdir.
Məhz buna görə tədqiqat prosesində Şuşaya yenidən səfər etdim və yerli sakinlərlə canlı ünsiyyət qurmağa çalışdım. Bu görüşlər və müşahidələr mənə çox maraqlı ideyalar və yeni baxış bucaqları verdi.
— Şuşa sakinləri ilə şəhərin dayanıqlı inkişafı barədə söhbətlər zamanı hansı əhval-ruhiyyəni müşahidə etdiniz?
— Şuşanın iqlimi və dağlıq relyefi müəyyən mənada sərtdir. Buna görə bu amillər bəzi sakinlərdə əvvəlcə bəzi narahatlıqlar doğursa da, ümumilikdə dayanıqlı şəhər ideyasına müsbət münasibət hiss etdim.
Yerli sakinlərlə söhbətlərdə xüsusilə iki məqam diqqətimi çəkdi.
Birincisi, uzun illər məişətdə qaz plitələrindən istifadə olunmuş bir mühitdə insanların rəqəmsal elektrik plitələrinə və alternativ enerji texnologiyalarına münasibətinin necə formalaşdığını anlamağa çalışdım. İnsanların gündəlik həyatlarında bu cür dəyişiklikləri necə qəbul etməsi mənim üçün maraqlı müşahidələrdən biri oldu.
Diqqətimi cəlb edən digər məqam isə yerli sakinlərin elektromobillərə və ümumilikdə ekoloji təmiz nəqliyyat növlərinə münasibəti idi. Həm fərdi, həm də ictimai nəqliyyatda daha dayanıqlı və ekoloji həllərin tətbiqinə maraq və açıq münasibət hiss olunurdu.
— Tədqiqatınızda Şuşa şəhərinin inkişafının hansı istiqamətlərini nəzərdən keçirirsiniz?
— Tədqiqat iki əsas istiqaməti əhatə edir: Şuşa şəhərində alternativ enerji mənbələrinə mərhələli keçid və dayanıqlı nəqliyyat şəbəkəsinin formalaşdırılması.
Bu mövzu üzərində işləyərkən bir sıra şəhərsalma mütəxəssisləri ilə görüşdüm və Şuşa şəhərinin qüvvədə olan Baş planında nəzərdə tutulan yeniliklərlə ətraflı tanış oldum. Həmin plan əsasında şəhərin gələcək inkişafını və mümkün şəhərsalma modelini təsəvvür etməyə çalışdım.
Eyni zamanda Şuşanın dağlıq relyefi və özünəməxsus coğrafi quruluşu şəhərdə dayanıqlı nəqliyyat sisteminin yaradılmasını həm maraqlı, həm də mürəkkəb vəzifəyə çevirir. Buna görə tədqiqatımda belə relyef şəraitində səmərəli və ekoloji dayanıqlı nəqliyyat şəbəkəsinin necə təşkil oluna biləcəyinə xüsusi diqqət yetirdim.
— Şuşa şəhəri mövzusunu xarici akademik auditoriyaya təqdim etmək çətin olmadı?
— Qeyd edim ki, dissertasiyamı Lund şəhərində isveçli və ispaniyalı professorlara uğurla təqdim etdikdən sonra onların yüksək qiymətləndirməsi dörd ay davam edən tədqiqat müddətində məni müşayiət edən akademik həyəcanı sanki dərhal aradan qaldırdı.
Xüsusilə vacib olan o idi ki, Azərbaycanda hələ olmamış bu professorları Şuşa ilə fərqli – akademik və şəhərsalma baxımından tanış edə bildim. Şəhərsalma sahəsində gənc tədqiqatçı kimi bu şəhərin potensialını göstərmək mənim üçün çox dəyərlidir.
Təqdimatdan sonra isveçli professorumun dediyi metaforik ifadə – “Sən bizi Şuşaya gətirdin” – yaddaşımda dərin iz buraxdı. Ümid edirəm ki, nə vaxtsa bu sözlər yalnız məcazi deyil, həm də real mənada gerçəkləşəcək.
Nərgiz Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm