AZ

Avtobuslarda yeni sistemə keçiləcək

Azərbaycanda ictimai nəqliyyatda tətbiq olunacaq brutto müqavilə modeli sərnişin daşımalarının maliyyələşdirilməsinə yeni yanaşma gətirir. Bəs bu sistem avtobus ödənişlərində nələri dəyişəcək?Nəqliyyat eksperti Rauf Ağamirzəyev Metbuat.az-a açıqlamasında bildirib ki, Brutto müqavilə hər kilometrə görə daşıyıcılara ödənilən məbləği nəzərdə tutur: “Söhbət bizi daşıyan şirkətlərdən - “BakuBus”, “Faiqoğlu”, “Çinar Trans” və digərlərindən gedir. Bu ödəniş dövlət tərəfindən verilən subsidiyadır. Dünyanın bir çox şəhərlərində bu model tətbiq olunur. İlk dəfə 1986-cı ildə Londonda işə salınıb. Çünki yalnız sərnişinin ödədiyi vəsait hesabına daşıyıcı şirkətlər fəaliyyətini davam etdirə və keyfiyyətli xidmət göstərə bilmir. Buna görə də dünyada belə bir modeldən istifadə olunur və biz də bu sistemə keçid edirik”.Ekspertin sözlərinə görə, bu modelin vətəndaş üçün bir neçə üstünlüyü var:“Birincisi, subsidiyalarla yanaşı gündəlik, aylıq və illik bilet paketlərinin formalaşdırılmasına imkan yaradır. Digər tərəfdən, 90 dəqiqəlik pulsuz keçid imkanları yaradılır ki, uzaq məsafədən gələn sərnişinlər xərclərini optimallaşdıra bilsinlər. Yəni bir nəqliyyat növündən digərinə keçəndə artıq iki dəfə ödəniş etməyə ehtiyac qalmır. Bundan əlavə, tələbələr, təqaüdçülər və müharibə veteranları üçün güzəştli bilet paketləri təklif etmək mümkün olur. Burada məsafəyə görə sərnişin ödənişindən söhbət getmir. Məsafəyə görə ödəniş termini daşıyıcıya aid məsələdir və sərnişinə birbaşa aidiyyəti yoxdur. Bu termin bəzən çaşqınlıq yaradır, çünki insanlar bunu dəmiryolunda olduğu kimi sərnişinin məsafəyə görə ödədiyi haqq kimi başa düşürlər. Əslində isə brutto müqavilənin əsas mahiyyəti hər kilometrə görə subsidiyanın verilməsidir. Bu isə daşıyıcıların daha uzun müddət fəaliyyət göstərməsinə maraq yaradır. Hətta sərnişin az olsa belə, gecə saatlarınadək işləməyə çalışırlar ki, daha çox kilometr qət etsinlər və bunun əsasında dövlətdən subsidiya ala bilsinlər”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
71
8
metbuat.az

9Mənbələr