AZ

Avropa və dünya, 12 qat Azərbaycan çempionu şəhid Emil Şamilov...



Validə Şamilova: “Gedib Şuşanı alıb gələcəm”

Ana yol gözləyir, inanmır balasının gəlməyəcəyinə. Oğlu söz vermişdi, gözlə ana, mütləq geri qayıdacağam, iki əlim qanda olsa da səsinə səs verəcəyəm. Beş ildən çoxdur ki, Validə ana Emili gözləyir. Həsrətdən gözünün kökü saralıb, ürəyinin yağı əriyib.

Saraldı bağ, dözmədi,

Bülbül güldən bezmədi,

Balamdan ayrı düşdüm,

Dərdimə dağ dözmədi...

Vətən müharibəsi şəhidi Emil Rafiq oğlu Şamilovun anası Valididə Şamilova ilə Nəzakət Məmmədovanın rəhbərlik etdiyi Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Re­dak­si­yasının nəşr etdiyi “44 gün – Tarixi zəfər” adlı çoxcildliyin IV cildinin təqdimat mərasimində tanış olub söhbətləşdik.

Azərbaycan Milli Kitabxanasında keçirilən təqdimat mərasiminə qatılan şəhid anaları sırasında Validə ana da var idi.

44 günlük Vətən müharibəsi şəhidi, ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə2, ”Hərbi xidmətlərə görə", “Füzuinin azad olunmasına görə" medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif olunan Emil Rafiq oğlu Şamilov 3 iyul 1996-cı ildə Bakı şəhəri Sabunçu rayonunun Ramana kəndində anadan olub. Ailənin biri qız olmaqla 3 övladı olub. Emil orta təhsilini Ramanada yerləşən 296 saylı orta məktəbdə tamamlayıb. Məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci Neft Mühəndisliyi ixtisasına qəbul olub.

2016-cı ildə isə hərbi xidmətini başa vuraraq, yenidən ailəsinin yanına dönüb.

Onu da deyək ki, Emil Şamilov Naxçıvanda N saylı hərbi hissədə Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçusu (əsgəri) olub. 2020-ci ilin sentyabr ayında könüllü olaraq hərbi komissarlığa müraciət edib və 16 oktyabrda hərbi hissəyə çağırılıb. Xidmətini Xüsusi Təyinatlı Qüvvələrdə təlimlərlə davam edib və sonra döyüşə qatılıb. 2020-ci ilin 26 oktyabrda tarixində Şuşanın azad edilməsi əməliyyatı zamanı Xocavəndin Tuğ kəndində snayper atəşindən şəhid olub.

Validə Şamilova bildirdi ki, kiçik yaşlarından idmana olan marağı Emilin sonrakı həyatına ciddi təsir edib. “Emil türk dünyasının milli döyüş sənəti olan Alpaqut döyüş sənətinin sirlərini dərindən öyrəndi. Emil həm bu idman növündə, həm də karate idmanında ard-arda uğurlar əldə edib. 12 dəfə Azərbaycan çempionu, 1 dəfə Avropa və 1 dəfə dünya çempionu adını qazanıb. Bundan əlavə, Asiya və Zaqafqaziya çempionatlarının da qalibi olub. Həyat yoldaşım birinci Qarabağ müharibəsi veteranıdır”.

Ana deyir ki, idmanda peşəkarlıq səviyyəsinə çatan Emil "Alparslan" idman klubunu təsis edib, bundan sonra həm də müəllim kimi idman dərsləri keçib, gənclərə bu idman növünün sirlərini öyrədib.

“Onun ən böyük arzularından biri, bəlkə də birincisi Şuşanı azad görmək idi. Getdi, könüllü yazıldı bizə demədən. Biz bilmirdik. Deyirdi, çağıracaqlar gedəcəm. Mən də deyirdim ki, bala, çağırarlar gedərsən. Axşam saat 11-in yarısı zəng gəldi ki, səhər gəl komissarlığa. Xəbəri eşidəndə sevindi. Elə sevinirdi ki, uça-uça getmək istəyirdi. Mən ağlayırdım, o sevinirdi. Deyirdi, ana, ağlama, niyə ağlayırsan? Gedib Şuşanı alıb gələcəm.

Oktyabrın 10-da müharibəyə getdi, oktyabrın 27-də isə nəşi gəldi. Özü seçdi bu yolu. Onu yolundan döndərmək çətin idi. Yolun sonunda şəhidlik olduğunu bilə-bilə Emil yolundan dönmədi.

Emil cəbhənin bir neçə istiqamətində misilsiz qəhrəmanlıqlar göstərib. Sonuncu döyüşü isə Hadrutun düşmənlərdən azad edilməsi uğrunda olub. Bizimlə sonuncu dəfə oktyabrın 22-də danışdı. Oktyabrın 27-də Xocavənd rayonu uğrunda gedən döyüşlərdə düşmənin açdığı snayper gülləsiylə şəhidlik zirvəsinə ucaldı. Oğlumuzla fəxr edirik. Özünə hörmət qazanan bir oğul olub. Elə bir oğul olub ki, onu dillə demək mümkün deyil. Bunu tək mən demirəm, onu tanıyan bütün qonşular, dostları deyir”.

Emilin atası Rafiq Şamilovun xatirələri: “Erməni əsgərlərini qısa vaxt ərzində geri otuzdurublar, ağır itkilərlə geri çəkilən düşmən açıq döyüşdə güc gələ bilmədiyi Emilin vətən eşqi ilə çırpınan ürəyini snayperlə nişan alıb və o, şəhidlik zirvəsinə ucalıb. Axırıncı dəfə ayın 22-si danışdı mənimlə. Ölümündən 4 gün qabaq. O qədər özündən razı danışdı mənimlə. Yoldaşım işdə idi. Dedim, zəng elə. Dedi, nömrəsini bilmirəm, səhər zəng edərəm. Elə o zaman mənimlə danışdı. Ondan sonra da şəhidlik xəbəri gəldi”.

Qardaşı Əmirxan Şamilov döyüş yoldaşları ilə Emilin son dəqiqələri haqqında söhbətləşib: “Döyüş yoldaşı danışır, deyir, biz onlara çatanda onların qrupundan 5 nəfər yaralı qalmışdı. Biz ora çatanda Emil vurulmuşdu və kəlmeyi-şəhadətini oxuyurdu. Ondan sonra gözləri ilə sanki bizimlə sağollaşırdı”.

Validə ananın söhbətinə qayıdırıq:“Subay idi. İstədiyi qız vardı, “hə”sini almışdıq, nişan da qoymuşduq. Emili 25 yaşında evləndirməyi fikirləşirdik. O da belə oldu. Qismətində evlənmək, ailə-uşaq sahibi olmaq yox imiş. O, öz taleyini canını fəda etdiyi Vətən torpağı ilə bağladı, əbədi olaraq Emil vətənindir, Vətən də Emilin.

Hey gözləyirəm, deyirəm ki, harada olsa quşdan qanad alıb uçub yanıma gələr. Amma gəlmir heç vaxt...”

Yaxşı ki, yuxular və xəyallar var balanı anaya qovuşdurur...

Bir igid Vətən oğlunun yarımçıq, yarımçıq olduğu qədər də bütöv ömür və qəhrəmanlıq yoluna boylandıq. Qəhrəmanlıq, igidlik, vətənpərvərlik südlə, sümüklə insanın canına, qanına keçir. Emil kimi ölməz oğulları böyüdüb boya-başa çatdıran ana sözün həqiqi mənasında qəhrəmandır. Qəhrəmanların ölməzdir, Vətən!Şəhidlər ölməzdir.

İradə SARIYEVA

Seçilən
55
baki-xeber.com

1Mənbələr