AZ

Uşaqların gəlir və əmlak hüquqları daha dəqiq tənzimlənir



Azərbaycanda uşaqların gəlir və əmlak üzərində mülkiyyət hüququnun daha dəqiq şəkildə qanunla tənzimlənməsi bu sahədə mövcud olan bəzi hüquqi qeyri-müəyyənlikləri aradan qaldıra bilər.

İndiyədək qanunvericilikdə uşaqların hüquqları ümumi şəkildə göstərilsə də, uşağın adına olan gəlirin və əmlakın kim tərəfindən və necə idarə olunması ilə bağlı praktikada bəzən mübahisəli vəziyyətlər yaranırdı. Xüsusilə aliment, sosial müavinətlər və ya uşağa hədiyyə edilən əmlakın faktiki olaraq valideynlər tərəfindən istifadə edilməsi halları hüquqi baxımdan hər zaman aydın tənzimlənmirdi. Qanun layihəsində uşağın gəlirinə və əmlakına mülkiyyət hüququnun ayrıca vurğulanması bu məsələyə daha aydın hüquqi yanaşma gətirir. Bu o deməkdir ki, uşağın adına ödənilən aliment, təqaüd və digər ödənişlər hüquqi baxımdan valideynin deyil, məhz uşağın vəsaiti kimi qəbul olunacaq və yalnız onun maraqları üçün istifadə edilməlidir. Eyni zamanda, uşağın vərəsəlik və ya hədiyyə yolu ilə əldə etdiyi əmlakın hüquqi qorunması daha da güclənir. Bu dəyişikliklər praktikada uşağın maddi maraqlarının qorunmasına, onun adına olan vəsait və əmlakdan sui-istifadə hallarının qarşısının alınmasına xidmət edə bilər. Ümumilikdə, bu addım uşaqların mülki hüquqlarının daha effektiv şəkildə təmin olunmasına yönəlmiş mühüm hüquqi yenilik kimi qiymətləndirilə bilər.
Qanun layihəsində uşağın aliment, təqaüd, pensiya, müavinət və digər gəlirləri üzərində mülkiyyət hüququnun ayrıca tanınması əslində mühüm bir hüquqi prinsipə aydınlıq gətirir. Həmin vəsaitlər hüquqi baxımdan valideynə deyil, uşağın özünə məxsusdur. Valideyn və ya qanuni nümayəndə bu vəsaitin sahibi deyil, sadəcə onu uşağın maraqları naminə idarə edən tərəf kimi çıxış edir. Bu yanaşma uşağın maliyyə hüquqlarının daha real şəkildə qorunmasına xidmət edir. Praktikada aliment və sosial ödənişlər adətən uşağın gündəlik ehtiyaclarının qarşılanması üçün valideyn tərəfindən istifadə olunur və bu, təbii sayılır. Ancaq bəzi hallarda həmin vəsaitlərin uşağın ehtiyaclarından kənar məqsədlər üçün xərclənməsi ilə bağlı mübahisələr də yaranır. Qanun layihəsinin əsas mahiyyəti ondan ibarətdir ki, bu vəsaitlərin istifadəsi yalnız uşağın təhsili, sağlamlığı, qidalanması və ümumi rifahı ilə bağlı olmalıdır. Yəni valideyn həmin vəsaitdən şəxsi maliyyə ehtiyaclarını ödəmək üçün istifadə edə bilməz. Digər tərəfdən, bu məsələdə nəzarət mexanizminin də düzgün qurulması vacibdir. Əgər uşaqla bağlı sosial ödənişlərin və ya alimentin təyinatı üzrə istifadə olunmaması barədə şübhələr yaranarsa, qəyyumluq və himayə orqanlarının müdaxilə imkanları olmalıdır. Zəruri hallarda bu vəsaitlərin xərclənməsinə nəzarət mexanizmi tətbiq edilə, hətta müəyyən hallarda uşağın adına ayrıca bank hesabının açılması kimi praktiki mexanizmlər də nəzərdən keçirilə bilər. Belə yanaşma bir tərəfdən valideynin uşağa gündəlik qayğı göstərmək imkanlarını məhdudlaşdırmır, digər tərəfdən isə uşağa məxsus vəsaitin hüquqi baxımdan qorunmasını təmin edir. Nəticə etibarilə, bu dəyişiklik uşağın yalnız sosial müdafiə obyekti kimi deyil, həm də mülki hüquqların daşıyıcısı kimi qəbul olunması baxımından əhəmiyyətli bir addım hesab oluna bilər.
Uşaqların vərəsəlik və ya hədiyyə yolu ilə əldə etdiyi əmlak məsələsi yalnız hüquqi deyil, həm də sosial məsuliyyət daşıyan bir sahədir. Belə hallarda əsas prinsip ondan ibarət olmalıdır ki, əmlakın sahibi uşaqdır, ancaq onun idarə olunması müəyyən müddət ərzində valideynlərin və ya qanuni nümayəndələrin üzərinə düşür. Valideynlər həmin əmlakdan sərbəst istifadə edən tərəf kimi deyil, onu qoruyan və uşağın gələcək maraqları naminə idarə edən məsul şəxs kimi çıxış etməlidirlər. Praktikada uşağın adına olan əmlakın məsələn, mənzil, torpaq sahəsi və ya digər maddi dəyərlərin idarə olunması valideynlərin üzərinə düşür. Lakin bu idarəetmə uşağın hüquqlarını məhdudlaşdırmamalı və ya onun əmlakının azalmasına səbəb olmamalıdır. Xüsusilə belə əmlakın satılması, dəyişdirilməsi və ya başqa formada sərəncam verilməsi kimi hallarda dövlət nəzarətinin mövcud olması vacibdir. Məhz bu mərhələdə dövlət qurumlarının, xüsusilə qəyyumluq və himayə orqanlarının rolu ön plana çıxır. Bu qurumlar uşağa məxsus əmlakın onun maraqlarına zidd şəkildə istifadə olunmasının qarşısını almaq üçün nəzarət funksiyasını həyata keçirməlidir. Zəruri hallarda valideynlərin həmin əmlakla bağlı qərarları dövlət orqanlarının razılığı ilə həyata keçirilməlidir. Belə bir məsuliyyət bölgüsü həm valideynlərin uşağa gündəlik qayğı göstərmək imkanını qoruyur, həm də uşağın mülkiyyət hüququnun real şəkildə müdafiəsini təmin edir. Nəticədə uşağa məxsus əmlakın qorunması yalnız ailənin deyil, eyni zamanda dövlətin də diqqətində olan bir hüquqi məsələ kimi formalaşır.
Lamiyə İsazadə,
"Kimsəsiz uşaqların sosial müdafiəsi" İctimai Birliyinin İdarə Heyətinin sədri

Seçilən
35
1
baki-xeber.com

2Mənbələr