AZ

"Neftin qiyməti hətta 210 dollara qədər arta bilər" - İqtisadçı DANIŞDI

Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında dünyada neft və qazın qiymətlərindəki artıma toxunub.

“Biz neft və qaz qiymətlərinin görünməmiş dərəcədə artımını müşahidə edirik. Bu da istehlakçılara bir zərbədir. Nəinki istehlakçılara, əgər kimsə düşünürsə ki, qeyri-tarazlı bu qiymətlər yalnız neft hasil və ixrac edən ölkələrin xeyrinədir, yox, bu, belə deyil. Biz daha tarazlaşdırılmış, proqnozlaşdırılmış neft qiymətlərinin tərəfdarıyıq” - deyən dövlət başçısı qeyd edib ki, boru kəməri ilə ixrac edilən qazın həcminə və coğrafi əhatəyə görə Azərbaycan dünyada bir nömrəli ölkədir.

Neft və qaz qiymətlərinin yüksəlməsi Azərbaycanın büdcə gəlirlərinə və iqtisadi sabitliyinə hansı müsbət və ya mənfi təsirləri göstərə bilər?

Bu artım qlobal iqtisadiyyata və xüsusilə enerji idxal edən ölkələrə necə təsir edə bilər?

Redaktor.az-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin Əlavə təhsil şöbəsinin müdiri, dosent, iqtisadçı Emin Qəribli bildirdi ki, bu məsələni bilavasitə büdcə baxımından nəzərdən keçirdikdə son dövrlərdə müəyyən tendensiyalar müşahidə edilir:

"Neft qiymətləri bizim üçün optimal sayılan bir səviyyədə idi və kəskin azalma baş vermirdi. Xüsusilə pandemiyadan sonra qiymətlərin 60, 70, 80 və bəzən 90 dollar civarında olduğunu görürdük. Bu səviyyə ümumilikdə qəbul edilən optimal qiymət kimi qiymətləndirilə bilər. Yəni nə 140 dollar kimi həddindən artıq yüksək, nə də 20–30 dollar kimi çox aşağı səviyyədə deyil. Lakin qiymətlərin artması məsələsinə gəldikdə, bunu artıq heç kim inkar etmir. Bilavasitə təhlil etdikdə görürük ki, bunun müsbət təsirləri də mövcuddur. Qiymət artdıqda, təbii ki, gəlirlər də artır. Ancaq ümumi mənada yanaşdıqda, cənab prezidentin də qeyd etdiyi kimi, qiymətlərin həddindən artıq artması müəyyən problemlər yarada bilər. Çünki istehsal olunan məhsulların böyük hissəsində enerji resursları, o cümlədən neft iştirak edir. Demək olar ki, enerjidən istifadə olunmayan məhsul yoxdur. Bu səbəbdən enerji qiymətləri artdıqda istehsal olunan məhsulların qiyməti də yüksəlir. Nəticədə insanlar həmin məhsulları daha az almağa başlayır, tələbat azalır və müəyyən mərhələdə qiymətlər kəskin enə bilər. Bu isə qeyri-stabilliyə səbəb olur və investorların bu sahəyə marağını azaldır. Belə vəziyyətdə investorlar neft sektoruna investisiya yatırmaqdan çəkinirlər".

İqtisadçının fikrincə, növbəti mərhələdə isə tələbatın azalması və investisiyaların azalması yenidən qiymətlərin artmasına səbəb olur:

"Bu baxımdan müəyyən bir orta məxrəc, yəni optimal qiymət səviyyəsinin olması daha məqsədəuyğundur. Hazırda isə qiymətlər əsasən 70-80 dollar civarında stabil görünür. Qiymətin müəyyən qədər artmasının ciddi ziyanı yoxdur, lakin əsas istək bu qiymətlərin stabil qalmasıdır. Burada bir məqamı da qeyd etmək lazımdır ki, neft idxal edən ölkələr üçün qiymətlərin kəskin artması ilk növbədə onların iqtisadi artımına təsir göstərir. Xüsusilə Çin və Avropa İttifaqını misal göstərmək olar. Çin müəyyən dərəcədə fərqli vəziyyətdədir, çünki uzun müddət neftin mühüm hissəsini İran və Venesueladan, müəyyən güzəştli qiymətlərlə alırdı. Bu səbəbdən qiymət artımı və ya azalması Çin iqtisadiyyatına digər ölkələrlə müqayisədə o qədər də böyük təsir göstərmirdi. Təbii ki, bu o demək deyil ki, Çin bütün nefti yalnız həmin ölkələrdən alırdı, digər bazarlardan da alış həyata keçirilirdi. Sadəcə olaraq təsir nisbətən zəif idi. Daha çox təsiri Avropa İttifaqında müşahidə edirik. Son dövrlərdə qaz qiymətlərinin artması, bundan əvvəl Rusiyaya qarşı tətbiq olunan sanksiyalar və Avropanın enerji təhlükəsizliyi məsələləri bu regionun iqtisadiyyatına ciddi təsir göstərmişdi. Bu gün də neft qiymətlərinin artımı həmin ölkələrə öz təsirini göstərməkdə davam edir".

Müsahibimiz qeyd etdi ki, ümumilikdə belə bir mənzərəni təsəvvür etmək olar: 

"Neft hasil edən ölkələr enerji resurslarını ixrac edir, digər ölkələr isə başqa məhsullar istehsal edir və ixrac edirlər. Yəni qlobal iqtisadi sistemdə ölkələr zəncirvari şəkildə bir-birindən asılıdır. Digər tərəfdən, bəzi analitiklər və analitik mərkəzlər proqnozlaşdırırlar ki, müəyyən ssenarilər baş verərsə, neftin qiyməti hətta 210 dollara qədər arta bilər. Bəziləri bunu müvəqqəti xarakterli hesab edir, digərləri isə uzunmüddətli müharibə və ya geosiyasi gərginliklərin davam edəcəyi halda bu artımın mümkün olduğunu deyirlər. Belə vəziyyətdə dünya iqtisadiyyatında böhran ehtimalının da yarana biləcəyi qeyd olunur. Tarixi təcrübəyə baxdıqda görürük ki, hər əsrin əvvəlində müəyyən böyük iqtisadi böhranlar baş verib. Məsələn, 20-ci əsrin əvvəllərində və daha əvvəlki dövrlərdə də bu cür proseslər müşahidə olunub. Müasir dövrdə isə 2007-2008-ci illərdə baş verən qlobal maliyyə böhranı bu cür proseslərin bir siqnalı kimi qiymətləndirilir. Bu gün də bəzi iqtisadçılar və analitik mərkəzlər müəyyən iqtisadi əlamətlərə əsaslanaraq mümkün böhran riskləri haqqında danışırlar".

Onun sözlərinə görə, neft qiymətlərinin kəskin artması, qlobal iqtisadiyyatda qeyri-stabil vəziyyətin yaranması, ölkələr arasında tarif müharibələrinin və müxtəlif iqtisadi qarşıdurmaların artması ümumi qlobal böhran ehtimalını da gücləndirə bilər:

"Bu baxımdan optimal və stabil qiymət səviyyəsinin qorunması həm istehlakçı ölkələr, həm də hasilatçı ölkələr üçün daha məqsədəuyğun hesab olunur. Ümumiyyətlə, qloballaşma dövründə dünya iqtisadiyyatının vəziyyətindən bütün ölkələr müəyyən dərəcədə asılıdır. Buna görə də həm istehlakçı, həm də hasilatçı ölkələr bir-birindən asılı olduqları üçün optimal balansın qorunması vacibdir. Lakin onu da qeyd etmək lazımdır ki, qiymətlərə tam şəkildə arxalanmaq və ya onları dəqiq proqnozlaşdırmaq həmişə mümkün olmur. Bu bir qədər hava şəraitinə bənzəyir: bir gün çox isti, digər gün isə soyuq ola bilər. İqtisadiyyat da müəyyən mənada belədir və bu proseslər daim dəyişir.

Emin Qəriblinin fikrincə, ölkələr daha çox stabil dövlətlərlə iqtisadi münasibətlər qurmağa üstünlük verməlidir:

"Azərbaycan artıq sübut edib ki, sabit və etibarlı tərəfdaşdır. Biz neft və qaz ixrac etdiyimiz ölkələrlə əməkdaşlıqda ciddi problemlərlə qarşılaşmırıq. Lakin bəzi ölkələr var ki, mütəmadi müharibələr və müxtəlif siyasi problemlərlə üzləşirlər. Hesab edirəm ki, bu gün ölkələr üçün ən vacib məsələlərdən biri də məhz etibarlı tərəfdaşların müəyyən edilməsidir. Yəni bəzən qiymətlərdən daha vacib olan məsələ kiminlə əməkdaşlıq etməyin daha doğru olduğunun müəyyənləşdirilməsidir".

Xədicə BAXIŞLI

Seçilən
90
1
redaktor.az

2Mənbələr