AZ

Çin şirkətindən yeni kəşf; batareyalar 5 dəqiqəyə 70% dolacaq RƏSMİ

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qlobal avtomobil istehsalçısı “BYD” elektrikli nəqliyyat vasitələrinin doldurulma müddətini əhəmiyyətli dərəcədə azaldan yeni texnologiyasını təqdim edib.

Avtosfer.az xəbər verir ki, şirkət elektrik avtomobilləri üçün hazırladığı ikinci nəsil “Blade Battery 2.0” batareyasını və 1500 kVt gücündə “Flash Charging” doldurma stansiyalarını rəsmi şəkildə təqdim edib. Yeni sistem sayəsində elektrikli avtomobillərin akkumulyatorunu cəmi 5 dəqiqə ərzində 70 faizə qədər doldurmaq mümkün olur. Yüksək enerji sıxlığı isə avtomobillərə 1000 kilometrdən artıq məsafə qət etmək imkanı yaradır.

Məlumata görə, yeni batareya arxitekturası iki fərqli istiqamət üzrə hazırlanıb. Sürətə yönəlmiş hüceyrə quruluşu batareyanı 10 faizdən 70 faizə qədər cəmi 5 dəqiqədə doldurmağa imkan verir. Digər tərəfdən, məsafəyə yönəlmiş “Long Blade 2.0” texnologiyası bir dəfə doldurulmaqla 1000 kilometrdən çox yürüş ehtiyatı təqdim edir. Bu texnologiya artıq “Denza Z9 GT” modelində tətbiq olunur.

Şirkətin təqdim etdiyi 1500 kVt-lıq yeni şarj stansiyaları isə enerji şəbəkəsinə düşən yükü azaltmaqla yanaşı, doldurma infrastrukturunun səmərəliliyini artırır. Stansiyalara inteqrasiya olunmuş xüsusi batareya buferləri sayəsində şəbəkədən daha az enerji istifadə etməklə avtomobillərə yüksək həcmdə enerji ötürmək mümkün olur. Bu yanaşma ənənəvi yüksək gərginlikli sistemlərlə müqayisədə quraşdırma xərclərini təxminən 60 faiz azaldır.

Elektrikli avtomobillər bazarında sürətli doldurma texnologiyaları üzrə rəqabət də güclənir. “Geely” və “Zeekr” kimi digər istehsalçılar da batareyanı təxminən 7 dəqiqəyə doldura bilən sistemlərini təqdim ediblər. Çin bazarında böyük maraq doğuran bu texnologiyaların ilin sonuna qədər Avropa və Böyük Britaniya bazarlarına çıxarılması planlaşdırılır.

“BYD” şirkəti bildirib ki, yeni nəsil şarj stansiyaları yalnız öz istehsalı olan avtomobillər üçün deyil, digər elektrikli avtomobillər üçün də istifadə oluna biləcək.

Eltac Zülfüqaroğlu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
86
avtosfer.az

1Mənbələr