"Biz Ermənistana müxtəlif istiqamətlərdən malların daşınmasına qoyulmuş bütün məhdudiyyətləri aradan qaldırdıq. Hətta Ermənistanla ticarəti bərpa etmişik".
Moderator.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib.
Dövlətimizin başçısı qeyd edib ki, Ermənistan üçün həyati əhəmiyyət kəsb edən neft məhsullarının ixracına başlanılması Azərbaycanın uzunmüddətli yox, əbədi sülhə sadiq olduğunu nümayiş etdirir:
"Bu, bizim strategiyamız və siyasətimizdir və bir daha onu nümayiş etdirir ki, Azərbaycan sülhsevər ölkədir. İkinci Qarabağ Müharibəsi və daha sonra antiterror əməliyyatı zamanı bizi ittiham edənlər ya uzaqgörən deyildilər, ya da qərəzli idilər. Çünki bizim gördüyümüz hər bir iş beynəlxalq hüquqa uyğun idi, biz gücdən istifadə edərək sülhə nail olduq və bu gün bunu nümayiş etdiririk".
Azərbaycanın sülh prosesində birbaşa dialoqa üstünlük verdiyini xatırladan İlham Əliyev Minsk qrupunun fəaliyyətini sərt tənqid edib:
"Biz Ermənistanla sülhə nail olduq, - biz deyərkən Azərbaycanı nəzərdə tuturam, - israr etdik ki, bunu vasitəçilərsiz təmin edək. Özlərini Minsk qrupu adlandıran vasitəçilərin 28 illik fəaliyyəti bir fəlakət idi. Həmsədrlərin məqsədi münaqişəni dondurmaq, onu əbədiləşdirmək və hər iki ölkəyə qarşı təzyiq aləti kimi istifadə etmək idi. Biz qərara gəldik ki, bu dırnaqarası vasitəçilikdən qurtulmalıyıq və ikitərəfli formatda - heç bir üçüncü tərəf olmadan fəaliyyətə başlayan kimi sülhə nail olduq".