Futbol üzrə İran yığma komandası bu il keçiriləcək dünya çempionatının (DÇ-2026) final mərhələsində iştirak etməyəcək.
Arena.az xəbər verir ki, İranın idman naziri Əhməd Dünyamalı milli komandanın dünya çempionatında iştirak etməyəcəyini açıqlayıb:
“Korrupsiyalaşmış hökumət liderimizi öldürdükdən sonra dünya çempionatında iştirak etməyimizə imkan verən heç bir səbəb yoxdur. İrana qarşı edilən düşmənçilik hərəkətləri nəzərə alınmaqla, səkkiz ay ərzində bizə qarşı iki müharibə edildi və bir neçə min vətəndaşımız öldürüldü. Bu səbəbdən, belə bir tədbirdə iştirak etmək məqsədəuyğun deyil”, – deyə nazir DPA-ya verdiyi müsahibədə bildirib.
Yeri gəlmişkən, ABŞ prezidenti Donald Tramp İran yığmasının mundialda iştirakını arzuolunmaz hesab edir. O, bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb:
“İranın futbol yığması dünya çempionatına dəvət olunub, lakin mən hesab edirəm ki, onların orada iştirakı öz həyatları və təhlükəsizlikləri baxımından məqsədəuyğun deyil. Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirəm”, – Tramp bildirib.
Xatırladaq ki, fevralın 28-də İsrail və ABŞ İrana qarşı hərbi əməliyyata başlayıb. Ölkədəki hərbi obyektlərə və şəhərlərə hava və raket zərbələri endirilib.
DÇ-2026-nın final mərhələsi bu il 11 iyun – 19 iyul tarixləri aralığında ABŞ, Kanada və Meksikada keçiriləcək. İran yığması Belçika, Misir və Yeni Zelandiya milli komandaları ilə bir qrupda yer alıb.
