
Hörmüz boğazından keçmək istəyən gəmilər öz hərəkətlərini İran Hərbi Dəniz Qüvvələri (HDQ) ilə əlaqələndirməlidirlər.
AFN.az "Mehr" agentliyinə istinadən xəbər verir ki, bunu İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Baqai bəyan edib.
"ABŞ və sionist rejimin regionda yaratdığı qeyri-sabitlik gəmilərin hərəkətinə təsir göstərə bilər, lakin İran boğazın təhlükəli zonaya çevrilməsini istəmir. Gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün gəmilər keçid zamanı İran HDQ ilə koordinasiyalı fəaliyyət göstərməlidir", — deyə Baqai bildirib.
Xatırladaq ki, fevralın sonunda regionda başlayan genişmiqyaslı hərbi əməliyyatlar fonunda Hörmüz boğazı vasitəsilə ticarət gəmilərinin hərəkəti kəskin şəkildə azalıb. Martın əvvəlindən etibarən İran tərəfi boğaz üzərində "tam nəzarət" elan edib və ABŞ, İsrail və ya onlara dəstək verən ölkələrlə əlaqəli gəmilərin keçidinə qadağa qoyub. Martın 11-nə olan məlumata görə, hərbi gərginlik səbəbindən 170-ə yaxın konteyner gəmisi boğaz daxilində qalıb, bir çox qlobal daşıma şirkəti isə marşrutlarını dəyişərək Süveyş kanalı və Qırmızı dənizdən keçidi müvəqqəti dayandırıb.