AZ

Paşinyan Naxçıvana Zəngəzur dəhlizindən fərqli marşrut təklif etdi...



Afsəddin Nəbiyev: “Zəngəzur dəhlizi hələ hazır olmadığı üçün Paşinyan mövcud olan alternativ marşrut təklif edir”

Ermənistan mövcud infrastrukturdan istifadə edərək Kornidzor-Gorus-Yeğeqnadzor-Yerask marşrutu üzrə Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında avtomobil əlaqələri yaratmağa hazırdır. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Strasburqda Avropa Parlamentində çıxışında bildirib.

“Təklifimiz heç bir şəkildə Vaşinqton razılaşmalarını gecikdirmək, pozmaq və ya görməzdən gəlmək məqsədi daşımır və mən bunu rəsmi olaraq bildirirəm. Biz bu təklifi irəli sürürük, çünki özümüz Azərbaycan dəmir yollarından alternativ şəkildə istifadə edirik. Azərbaycan Ermənistan ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikası ilə əlaqə qurmağı səbirsizliklə gözlədiyi kimi, biz də Naxçıvan vasitəsilə Ermənistanın cənubu və şimalı arasında dəmir yolu əlaqəsi qurmağı səbirsizliklə gözləyirik”, - Paşinyan bildirib.

Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyev hesab edir ki, Zəngəzur dəhlizi hələ hazır olmadığı üçün Paşinyan mövcud olan alternativ marşrut təklif edir: “Azərbaycan üçün ən prioritet məsələlərdən biri Naxçıvan Muxtar Respublikasının uzun illər davam edən nəqliyyat blokadasının aradan qaldırılmasıdır. Bu, təkcə iqtisadi deyil, həm də humanitar baxımdan böyük əhəmiyyət daşıyır. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa quru əlaqənin bərpası həm enerji, həm ərzaq təhlükəsizliyi, həm də insanların sərbəst gediş-gəlişi üçün həyati vacibdir. 10 noyabr 2020-ci il Bəyanatında Ermənistan Naxçıvana maneəsiz keçidi təmin edilməsi öhdəliyini götürüb. Bu, sənədlərdə, həm Rusiya, həm də sonuncu sülh müqaviləsinin paraflandığı sənəddə ABŞ dövlət başçısının da olduğu və təsdiqlədiyi üçtərəfli müddəalarda yer alır. Azərbaycanın gözləntisi ondan ibarətdir ki, Ermənistan bu öhdəlikləri icra etsin və regionda yeni nəqliyyat marşrutlarının açılması istiqamətində real addımlar atsın. Ancaq Zəngəzur dəhlizi hələ hazır olmadığı üçün Paşinyan mövcud olan alternativ marşrut təklif edir”.

A.Nəbiyevin fikrincə, Paşinyanın son açıqlamaları Azərbaycanın illərdir irəli sürdüyü “kommunikasiyaların açılması” tezisi ilə üst-üstə düşür: “Ermənistanın Azərbaycan dəmir yollarından istifadə marağı, iqtisadi rasionallığın artıq qəbul edildiyini göstərir. Bu, həm də Azərbaycanın yaratdığı yeni nəqliyyat xəritəsinə Orta Dəhliz çərçivəsində inteqrasiya olunmaq niyyətini ortaya qoyur. Azərbaycanın Naxçıvana keçid üçün Ermənistan infrastrukturundan, Ermənistanın isə öz daxili əlaqəsi üçün Azərbaycan relslərindən istifadə etməsi qarşılıqlı asılılıq yaradan amillər sırasındadır. Bu asılılıq tərəflər arasında etimad mühitinin formalaşmasına, sərhəd insidentlərinin azalmasına və sülh üçün real zəminin hazırlanmasına xidmət edə bilər. Təbii ki, Azərbaycan bu prosesdə “tələb edən” tərəfdən çox “imkan yaradan” tərəf kimi çıxış edir. Əgər Ermənistan Kornidzor-Gorus-Yeğeqnadzor-Yerask marşrutunu reallaşdırarsa, bu, 10 noyabr bəyanatının 9-cu bəndinin icrası kimi qiymətləndiriləcək. Bakı üçün vacib olan məqam bu keçidlərin maneəsiz, təhlükəsiz və beynəlxalq standartlara uyğun şəkildə təşkil edilməsidir. Birinci növbədə Zəngəzur dəhlizi açılmalıdır. Bunu da Ermənistan hakimiyyəti bəzi hallarda öz məqsədləri baxımından uzatmağa çalışır. Dəhliz hazır olana qədər də bu yoldan faydalanmaq olar. Paşinyanın bu açıqlaması Azərbaycanın regionda formalaşdırdığı yeni reallıqların Ermənistan tərəfindən qəbul edilməsinin göstəricidir. Bu təklif Azərbaycanın qərb rayonları ilə Naxçıvanın birləşməsi ideyasının beynəlxalq müstəvidə leqallaşması deməkdir. Eyni zamanda, Azərbaycan regionun əsas nəqliyyat qovşağına çevrilir. Ermənistanın öz daxili logistikası üçün belə, Azərbaycan infrastrukturuna ehtiyac duyması Bakının siyasi çəkisini artırır. Kommunikasiya xətlərinin açılması Cənubi Qafqazda sülhün ən güclü qarantiyasıdır. Azərbaycan öz ərazi bütövlüyünü qorumaq şərtilə regional inteqrasiyanın lokomotivi rolunu oynamağa davam edir. Paşinyanın “hazırıq” mesajı Azərbaycanın sülh gündəliyinin diplomatik qələbəsi kimi qiymətləndirilməlidir”.

Vidadi ORDAHALLI

Seçilən
41
baki-xeber.com

1Mənbələr