Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Anar Priyevin barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, apellyasiya şikayəti, ona əlavə və apellyasiya protesti təmin edilməyib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib, onun 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasının müddəti 2 ilə endirilib. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.2.1-ci və 5.3-cü bəndi tətbiq edilməklə Anar Priyev təyin edilmiş cəzadan azad olunub. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunub.
İttihama görə, Anar Priyev Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunmuş Nicat Muradovun azadlığa buraxdırılacağı vədi ilə onun atasına qarşı dələduzluq edib.
Nicat Muradov barəsində Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq - külli miqdarda gəlir əldə etməklə törədildikdə) və 244-1.4-cü (qumar oyunlarının təşkili və ya keçirilməsi, yetkinlik yaşına çatmayanların qumar oyunlarında iştirakına yol verməklə törədildikdə) maddələri ilə ittiham elan edilib.
Bundan sonra Muradovun ailə üzvləri onun həbsdən azad olunması üçün yollar axtarıblar. Nicatın əmisi oğlu Əli məsələni dost-tanışlarının yanında danışıb. Bu söhbətlər əsnasında Anar Priyev Əlinin dostu Şərifin vasitəsi ilə Muradovlar ailəsi ilə tanış olub. O, Nicat Muradovun həbsdən azad edilməsinə guya Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində işləyən tanışı vasitəsilə köməklik göstərəcəyinə dair yalan vəd verib.
İttihama görə Anar Priyev bu adla Nicat Muradovun atası Tapdıq Muradovdan 60 min manat pul alıb.
İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.
Anar Priyev məhkəmədə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsinə tövsif edilib və Anar Priyev 2 il 5 ay 27 gün müddətə azadlıqdan məhrum olunmuşdu.
Kamal Məmmədov