AZ

Bakıda lotereya biletləri satanı bıçaqlayan şəxs məhkəmə zalında azadlığa buraxıldı

Bakı Apellyasiya Məhkəməsində xuliqanlıq niyyətilə sağlamlığa ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Əbdüləli Quliyevin (soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

 

Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib, təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin (CM) 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif olunub və Əbdüləli Quliyevə şərti cəza verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunub.

 

İttiham aktına əsasən, hadisə 16 iyun 2025-ci il tarixdə saat 18 radələrində paytaxt ərazisində yerləşən “Ramiz Aboyev” adına istirahət parkının girişində qeydə alınıb.

 

Belə ki, Əbdüləli Quliyev sərxoş vəziyyətdə sözügedən ərazidə lotereya biletlərinin səyyar satışı ilə məşğul olan tanışı, zərərçəkmiş Mahir İmranovla (adı, soyadı şərtidir) mübahisə edib. Mübahisə Mahirin təqsirləndirilən şəxsin ondan nisyə aldığı lotereya biletlərinin pulunun tələb etməsi və ona məxsus mobil telefonun geri qaytarılmaması zəminində baş verib.

 

Məlumata görə, Əbdüləli heç bir əsaslı səbəb olmadan, ətrafda olan vətəndaşların gözü qarşısında ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə yol verib və üzərində olan mətbəx bıçağını silah qismində istifadə edib. O, həmin bıçaqla zərərçəkmiş şəxsin bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək xəsarət yetirib. Bu xəsarətlər dərəcəsinə görə insan həyatı üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurulması kimi qiymətləndirilib.

 

Məhkəmə iclasında Əbdüləli Quliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində deyib ki, zərərçəkmiş şəxsdən mütəmadi olaraq nisyə lotereya biletləri alıb. Sonuncu dəfə borcunun olduğunu xatırladaraq lotereya verməkdən imtina edən Mahirin onun mobil telefonunu zorla əlindən aldığını qeyd edib. Təqsirləndirilən şəxs telefonun qaytarılmasını və borcun ertəsi gün ödəniləcəyini desə də, zərərçəkmiş şəxsin onu təhqir etdiyini bildirib.

 

Əbdüləli Quliyevin sözlərinə görə, təxminən 20 dəqiqə sonra yenidən zərərçəkmiş şəxsin yanına qayıdaraq telefonunu tələb edib, lakin bu zaman Mahir onu itələyib, sinəsindən vurub və təhqir edib. Təqsirləndirilən şəxs isə həmin an bıçaqla xəsarət yetirdiyini, hadisədən sonra baş verənlərin bir qismini xatırlamadığını, bıçağı zərərçəkmiş şəxsi qorxutmaq niyyəti ilə götürdüyünü bildirib.

 

Məhkəmədə həmçinin qeyd edilib ki, hadisə zamanı Mahir də sərxoş vəziyyətdə olub və tərəflər arasında mübahisə qısa müddət davam edib. Əbdüləli Quliyev törətdiyi əməldən peşman olduğunu ifadə edib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü o, 6 il 3 ay müddətinə azadlıqdan məhrum edilmiş və Əbdüləli Quliyev dərhal məhkəmə iclas zalında həbsə alınmışdı.

 

Kamal Məmmədov

 

 

 

 

 

Tarix: 13 Mart 2026, 08:42   
Seçilən
49
pravda.az

1Mənbələr