Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda Hizbullahın İsrailə qarşı həyata keçirdiyi kütləvi raket hücumları diqqət mərkəzinə düşüb.
Musavat.com xəbər verir ki, ABŞ-nin New York Post nəşrinin İsrail Müdafiə Qüvvələri (IDF) mənbələrinə istinadən yaydığı məlumata görə, bir gün ərzində atılan təxminən 100 raketin yalnız yarısı “Dəmir Qübbə” sistemi tərəfindən zərərsizləşdirilib.
Bu isə İsrailin çox təriflənən hava hücumundan müdafiə sisteminin effektivliyi ilə bağlı suallar yaradıb.
Rusiyalı hərbi müşahidəçi Yuri Lyamin açıqlamasında bildirib ki, hazırda İsrailin şimal istiqamətində hava müdafiəsinin sıxlığı əvvəlki illərlə müqayisədə daha zəifdir. Onun sözlərinə görə, 2024-cü ildə İsrail ölkənin şimalında maksimum səviyyədə hava müdafiə sistemləri yerləşdirmişdi, lakin hazırkı vəziyyətdə bu sistemlərin əhəmiyyətli hissəsi İranın dron hücumları və digər təhlükələrə qarşı ölkənin müxtəlif bölgələrinə paylanıb.
Nəticədə Livan sərhədinə yaxın ərazilərdə müdafiə sıxlığı azalıb və bu da Hizbullahın raket salvo hücumlarının bir hissəsinin müdafiə sistemini keçməsinə səbəb olub.
Lyamin qeyd edir ki, İsrail Hərbi Hava Qüvvələrinin böyük hissəsi hazırda İran istiqamətindəki əməliyyatlara cəlb olunub. Bu səbəbdən Livan cəbhəsinə ayrılan resurslar və operativ imkanlar nisbətən azalıb.
Hava hücumundan müdafiə sisteminin əsas elementi olan “Tamir” ələkeçirici raketləri İsrailin Rafael şirkəti ilə ABŞ-nin RTX şirkətinin birgə layihəsi çərçivəsində istehsal olunur.
Lyamin bildirir ki, bu raketlərin istehsalının böyük hissəsi ABŞ ərazisində həyata keçirilir, ötən ilin sonunda ABŞ-nin Arkanzas ştatında yeni istehsal müəssisəsi açılıb və istehsalın əsas maliyyəsi Vaşinqtonun İsrailə verdiyi hərbi yardım paketləri hesabına təmin edilir.
Musavat.com