Bu gün Serbiyanın Zrenyanin şəhərində təşkil olunan güləş üzrə U-23 Avropa çempionatı davam edir.
İdman.Biz xəbər verir ki, yarışın beşinci günündə Azərbaycanın yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaqlar.
Təsnifat mərhələsində Fərid Sadıqlı (55 kq) çexiyalı Filip Bartoşik, İlkin Qurbanov (63 kq) türkiyəli Enes Ülkü, Rəvan Nuriyev (77 kq) belaruslu Kiril Valevski, Ayxan Mərdanov (130 kq) isə yunanıstanlı Axilles Xrisidislə üz-üzə gələcək. Səid Axundzadə (87 kq) isə 1/8 finalda rumıniyalı Patrik Yulian Qordanla mübarizə aparacaq.
Qadın güləşçilərindən Ruzanna Məmmədova (62 kq) qızıl medal uğrunda görüşə çıxacaq. O, həlledici qarşılaşmada rusiyalı Amina Tandelova ilə üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycan yarışda indiyə qədər ümumilikdə 10 medal qazanıb. Ali Tsokayevlə (92 kq) Günay Qurbanova (59 kq) Avropa çempionu olublar. Ceyhun Allahverdiyev (61 kq), Vasif Bağırov (57 kq), Səbuhi Əmiraslanov (79 kq), Yusif Dursunov (125 kq) və Gültəkin Şirinova (55 kq) gümüş, Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq), Zəfər Əliyev (97 kq) isə bürünc medal qazanıblar.
Avropa çempionatına martın 15-də yekun vurulacaq.