Rusiya-Ukrayna müharibəsi ilə paralel olaraq Yaxın Şərqdə davam edən münaqişələr səbəbindən ölkələrin enerji təhlükəsizliyinə təhdid yaranıb. Bu təhdidi önləmək və enerji təhlükəsizliyinin təmin olunmasında isə Azərbaycanın rolu daha da artmaqdadır. Bu mənada Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri təsadüfi deyil. Keçirilən yüksəksəviyyəli görüşdə həm Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, həm də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dediyi kimi, enerji təhlükəsizliyi ikitərəfli əməkdaşlığımızın təməlini təşkil edir. Avropa İttifaqının 10 üzvünün Azərbaycan qazını tədarük etməsi hər şeyi deyir.
Ümumiyyətlə, son illərdə müşahidə edilən mənzərə ondan ibarətdir ki, Avropanın enerji siyasətində baş verən dəyişikliklər Azərbaycanı qitənin enerji təhlükəsizliyində mühüm, eyni zamanda etibarlı tərəfdaşlardan birinə çevirib. Antonio Koştanın səfəri zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında enerji, nəqliyyat, regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələlərinin geniş müzakirə edilməsi fonunda bunu aydın görürük.
Bu gün Azərbaycan qazı qitəyə 2022-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji əməkdaşlıq haqqında memorandum əsasında çatdırılır. Həmin sənədin əsas məqsədi Avropaya Azərbaycan qazının ixracının həcmini artırmaqdan ibarət idi. Qarşıdakı perspektivdə Avropaya qaz ixracının həcmi əhəmiyyətli dərəcədə artırılaraq ildə təxminən 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulur ki, bu da Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm rol oynayacaq. Antonio Koşta ilə görüşdə də Prezident İlham Əliyev bu məqama diqqət çəkərək deyib ki, biz bu il qaz hasilatını artırmağı planlaşdırırıq:
“Biz qazı yeni yataqda hasil etməyə başlayacağıq. Bu gündən etibarən növbəti iki və ya üç il ərzində — əgər hər şey cədvələ uyğun gedərsə — bizim bugünkü həcmlə müqayisədə minimum 10 milyard kubmetr əlavə qazımız olacaq”.
Onu da qeyd edək ki, Azərbaycan təkcə neft və qaz ixracatçısı kimi deyil, həm də bərpa olunan enerji sahəsində potensiala malik ölkə kimi diqqət çəkir. Bu diqqət Avropada da Azərbaycana qarşı formalaşıb. Xüsusilə, Xəzər dənizinin külək enerjisi potensialı Avropa üçün yeni enerji əməkdaşlığı imkanları yaradır. Bu mənada qeyd edilən istiqamətdə Avropa şirkətləri ilə birgə layihələrin həyata keçirilməsi mümkün hesab olunur. Bu layihələr yaxın gələcəkdə Azərbaycandan Avropaya “yaşıl enerji”nin ixracını da reallaşdıra bilər. Elə Prezident İlham Əliyev də çıxışı zamanı bu məsələyə diqqət çəkərək deyib:
“Enerji sahəsində əməkdaşlığımızın digər istiqaməti bərpa olunan enerji ilə bağlıdır ki, onun da böyük potensialı var. Biz külək, günəş və su elektrik enerjisinə böyük sərmayələr yatırırıq. Planımız beş və ya altı il ərzində ixraca hazır olan 6–8 giqavatlıq bərpa olunan enerjiyə malik olmaqdır. Bir sözlə, hazırda biz Avropa tərəfdaşları ilə ötürülmə xətləri, dəniz dibi kabelləri və enerji infrastrukturunun digər fərqli hissələri üzərində çalışırıq”.
Göründüyü kimi, Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq çoxşaxəlidir və bu əməkdaşlığın inkişaf etdirilməsinin hər iki tərəfə faydaları var. Elə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri də məhz buna hesablanıb.
Nəsib Məhəməliyev
Milli Məclisin deputatı