AZ

Mərkəzi oyun Zirədə, liderin Quba səfəri

ain.az bildirir, futbolpress-az portalına istinadən.

Bu gün Misli Premyer Liqasında XXIV tura start veriləcək. İlk gündə “Araz-Naxçıvan” “Karvan-Yevlax”ı, “Sumqayıt” isə “Şamaxı”nı qəbul edəcək. Lider “Sabah” bu turda Qubada “İmişli”nin qonağı olacaq. “Qarabağ” “Zirə”, “Neftçi” isə “Qəbələ” səfərinə yollanacq. “Turan Tovuz”un rəqibi isə “Kəpəz” olacaq.

13 mart / 18:30 Araz-Naxçıvan – Karvan-Yevlax

Ötən turda “Qarabağ”a 6 cavabsız qolla uduzan “Araz-Naxçıvan” avrokubok şanslarını azaldıb. Andrey Demçenkonun gəlişindən sonra qeyri-stabil nəticələr əldə edən naxçıvanlılar autsayderlə oyuna 3 xal gözü ilə baxır. Demçenko ötən turdakı ağır məğlubiyyətdən sonra futbolçuları hədəf aldı və bunun komanda daxili atmosferə neqativ təsirləri olacağı ehtimal edilir. Autsayderlə görüşdə itiriləcək xallar komandanın “üçlük” şanslarının üstündən demək olar, xətt çəkəcək.

“Karvan-Yevlax” isə liqada qalmaq mübarizəsindədir. Bu mövsüm cəmi bir qələbə qazanan autsayder seriyasını sonlandırmaq və 11-ci sıradakı “Qəbələ” ilə fərqi azaltmaq arzusundadır. Autsayder üçün hər oyun final kimidir. “Qəbələ” və “Kəpəz” bu turda daha güclü kollektivlərlə qarşılaşacaq və onların xal itkisi ehtimalı fonunda qazanılacaq qələbə yevlaxlılar üçün yeni ümid olacaq.

13 mart, 20:30 / Sumqayıt – Şamaxı

Çempionatın enişdə olan komandalarından biri də “Sumqayıt”dır. “Kimyaçılar” ötən turda autsayderlə oyunda xal itirdi və baş məşqçi Saşa İliç avrokuboklara vəsiqə şanslarının azalması səbəbindən strategiya dəyişdiklərini bildirdi. “Sumqayıt”ın qalan turlarda yerli oyunçulara şans verəcəyi qeyd olundu. Mövsümün sonuna 10 tur qalmış klubun “ağ bayraq” qaldırması başadüşülən olmadı. Hər bir halda, məhz “Şamaxı” ilə matçda komandanın hansı hədəflə yola davam edəcəyi daha dəqiqləşəcək.

“Şamaxı” isə demək olar, liqada yerini təmin edib. Autsayder “Karvan-yevlax”ı 19 xal qabaqlayan “şirlər”in 10 tura bu fərqi azaldacağı ehtimal edilmir. Ayxan Abbasov üçün “Sumqayıt”la oyunların xüsusi önəmi var. Vaxtilə bu klubla yaxşı nəticələr əldə edən və sonradan göndərilən mütəxəssis “kimyaçılar”a qarşı əlavə qələbə arzusunda olur.  Son bir neçə turda qələbə qazana bilməyən “Şirlər” məhz bu seriyanı elə Sumqayıtda sonlandırmağa çalışacaq.

14 mart, 15:00 İmişli – Sabah

Lider “Sabah” yoluna itkisiz davam edir. “Bayquşlar” ötən turda “Qəbələ” üzərində 7 qollu qələbə qazanıb və komandada atmosfer pik həddədir. “İmişli” səfərində əsas problem isə meydança ilə bağlıdır. Quba OİK stadionu futbola yararsız olmasına baxmayaraq, bölgə klubu rəqiblərini burda qəbul etməkdə davam edir. “Qarabağ”, “Zirə”, “Şamaxı”, “Neftçi” kimi klublar burda çətinlik çəkib, bunlardan yalnız “Qarabağ” qələbəyə sevinib. Çempionluq mübarizəsi aparan “bayquşlar” səfər matçında büdrəməməyə çalışacaq. Meydança amili qabarsa da, hər bir halda, komanda bu mövsüm kubokda burda qələbə qazanmağı bacarıb və yenidən örtüyün futbol üçün bəhanə olmadığını göstərməyə çalışacaq.

“İmişli” isə heç-heçələr hesabına liqada yerini möhkəmləndirməkdədir. Bölgə təmsilçisi 11 oyundur, qələbə qazanmır. Lakin heç-heçələr və bir xallar komandanı autsayderlər zolağından uzaqlaşdırıb. “Sabah”la matçda itiriləcək hansısa xala görə komanda qınanılmayacaq və bu, “İmişli” üçün daha rahat oyun şansı yaradacaq.

14 mart, 19:15 Zirə – Qarabağ

Turun ən maraqla gözlənilən qarşılaşması Zirədə olacaq. Çempionlar Liqasına vida etdikdən sonra yüksəlişə keçən və ardıcıl qələbələr qazanan “Qarabağ” bu dəfə “Zirə” səddini aşmağa çalışacaq. Komandaların duelləri son dönəmlərdə daha maraqlı alınır və “Zirə” rəqibindən xal qoparmağı bacarır. Çempionluq yarışında kritik duellərdən sayılan bu görüşdə “atlılar” favoritdir. “Zirə”nin son turlardakı qeyri-stabilliyi, “Qarabağ”ın isə yüksəlişi qonaqları bir addım öndə göstərir.

“Zirə” avrokuboklara liqa yolundan vəsiqəni çətinə salıb. “Turan Tovuz” xal fərqini 5-ə yüksəldib və Berdıyevin yetirmələrinin bu andan sonra fərqin qapanmasına imkan verməsi real görünmür. Bu səbəbdən “Zirə”də bütün diqqətlər məhz kuboka yönələ və titul qazanmaqla Avropa Liqasına yollanmaq variantı önə çıxa bilər.

15 mart, 15:00 Kəpəz – Turan Tovuz

Ötən turda “Zirə” səfərində qələbəni son dəqiqədə əldən verən “Kəpəz” tovuzlularla dueldən qalib ayrılmaq arzusundadır. Komandalar bundan öncə kubok matçlarında üz-üzə gəlmiş və hər iki oyun “Turan Tovuz”un qələbəsiylə başa çatıb. İki matçda qol da vura bilməyən gəncəlilər uğursuz seriyanı pozmağa çalışacaq. Azər Bağırovun yetirmələri son oyunda yaxşı təsir bağışlayır. Avrokubok mübarizəsində olan “Zirə”ni büdrətməyi bacaran gəncəlilər bu dəfə tovuzlulardan xal qoparmağa çalışacaq.

“Turan Tovuz” isə yüksəlişdədir. Berdıyevin komandası xüsusilə müdafiə planında diqqətlidir. Son 8 oyunda qol buraxmayan “Turan Tovuz” ən yaxın rəqibi “Zirə”nin “Qarabağ”la oyunda xal itirəcəyi halda, “Kəpəz”lə matçda üç xal qazanmaqla avrokuboklara vəsiqə mübarizəsində fərqi açmağa çalışacaq.

15 mart, 18:00 Qəbələ – Neftçi

“Sabah”a 1:7 hesabıyla uduzan “Qəbələ”nin budəfəki rəqibi “Neftçi” olacaq. Kaxaber Sxadadze son oyundan sonra xarakter çatışmazlığından gileylənib. Mütəxəssisin futbolçuları bu oyuna necə kökləyəcəyi maraqlıdır. “Qəbələ”də onsuz da heyətlə bağlı çatışmazlıqlar var. Gənc oyunçular təcrübəsizliyə görə fərdi mübarizələrdə uduzur, təcrübəli oyunçular isə lazım olan faydanı verə bilmir. Komandaların burdakı son duelində də “Neftçi” qələbə qazanıb. Autsayder “Karvan-Yevlax”ı 8 xal qabaqlayan “qırmızı-qaralar” son turdakı ağır məğlubiyyəti unutdurmaq üçün qələbə arzusundadır.

“Neftçi” də formada olan kollektivlərdəndir. Yuri Vernidubun gəlişindən sonra oyunda rəngarəngliyi artan “ağ-qaralar” Qəbələ səfərindən qələbə ilə dönmək arzusundadır. Avrokuboklara vəsiqə şansları minimuma enib, amma riyazi olaraq ehtimal var və bu, komanda üçün bir motivasiyadır. Vernidub mövsümü maksimum yaxşı yerdə bitirmək və yeni mövsüm üçün klubdakı yerini qorumaq niyyətindədir. “Neftçi” turun son matçını keçirəcək və bundan öncə rəqiblərin əldə etdikləri nəticələr komanda üçün əlavə stimul yarada bilər.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
futbolpress.az

1Mənbələr