AZ

ABŞ 100 milyon barel Rusiya nefti ilə bağlı məhdudiyyətləri dayandırıb

Vaşinqton tranzitdə olan Rusiya nefti üçün müvəqqəti lisenziya verib və qərarın yalnız artıq yolda olan yanacaq partiyalarına aid olduğu bildirilib...

Poliqon xəbər verir ki, bu barədə Rusiyanın xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə prezidentin xüsusi nümayəndəsi Kirill Dmitriyev məlumat verib. Onun sözlərinə görə, ABŞ-nin tətbiq etdiyi məhdudiyyətlərin müvəqqəti dayandırılması tranzitdə olan təxminən 100 milyon barel Rusiya neftini əhatə edir.

Kirill Dmitriyev bildirib ki, bu qərar qlobal enerji bazarındakı reallığı təsdiqləyir. Onun fikrincə, dünya enerji bazarında sabitliyin qorunması üçün Rusiya nefti mühüm rol oynayır. “ABŞ faktiki olaraq açıq həqiqəti etiraf edir: Rusiya nefti olmadan qlobal enerji bazarı sabit qala bilməz”, deyə Dmitriyev “Telegram” kanalında yazıb.

Rusiyanın prezident nümayəndəsi əlavə edib ki, dünya miqyasında enerji böhranının dərinləşməsi Rusiya enerji resurslarına qarşı tətbiq olunan məhdudiyyətlərin gələcəkdə daha da yumşaldılması ehtimalını artırır. O qeyd edib ki, buna baxmayaraq, Avropa İttifaqı daxilində, xüsusilə Brüsseldəki bəzi siyasi dairələr bu prosesə qarşı çıxır.

Məlumata görə, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən xüsusi lisenziya verilib. Bu lisenziya 12 mart tarixindən əvvəl tankerlərə yüklənmiş Rusiya nefti və neft məhsullarının satışına müvəqqəti icazə verir. Sənəd 12 aprel tarixinə qədər qüvvədə olacaq.

ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib ki, sözügedən qərar yalnız artıq daşınma prosesində olan neft partiyalarına şamil olunur. Onun sözlərinə görə, bu lisenziyanın əsas məqsədi mövcud yanacaq partiyalarının tədarük coğrafiyasını genişləndirməkdir.

ABŞ-nin energetika naziri Kris Rayt isə vurğulayıb ki, bu addım sanksiyaların yumşaldılması kimi qiymətləndirilməməlidir. O qeyd edib ki, qərar yalnız texniki xarakter daşıyır və hazırda yolda olan enerji resurslarının çatdırılmasını təmin etmək məqsədi güdür.

Xatırladaq ki, bundan əvvəl, 5 mart tarixində ABŞ Hindistana da xüsusi lisenziya verərək, tankerlərə yüklənmiş Rusiya neftini 30 gün ərzində satın almağa icazə vermişdi. Bu qərar qlobal enerji bazarında yaranan gərginlik fonunda qəbul olunub və beynəlxalq enerji ticarətində yeni balans axtarışlarının davam etdiyini göstərir.

Poliqon.info

Seçilən
43
poliqon.info

1Mənbələr