AZ

İraqda dron hücumu nəticəsində fransalı hərbçi həlak olub

Ərbil yaxınlığında həyata keçirilən hücum zamanı bir fransız hərbçi həyatını itirib, altı nəfər yaralanıb...

Poliqon xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron sosial şəbəkədə açıqlama verib. Onun sözlərinə görə, İraqın Ərbil bölgəsində fransız hərbçilərinə qarşı həyata keçirilən pilotsuz uçuş aparatı (PUA) hücumu nəticəsində bir hərbçi həlak olub, bir neçə nəfər isə yaralanıb.

Makron bildirib ki, Fransa hərbçiləri 2015-ci ildən etibarən beynəlxalq koalisiya çərçivəsində İraq ərazisində fəaliyyət göstərərək İŞİD terror təşkilatına qarşı mübarizədə iştirak edirlər. O qeyd edib ki, Fransa qüvvələrinə qarşı bu cür hücum qəbuledilməzdir.

Fransa prezidenti vurğulayıb ki, ölkəsinin hərbi kontingenti İraqda yalnız terrorizmə qarşı mübarizə məqsədilə yerləşdirilib və regionda baş verən digər münaqişələr belə hücumlar üçün bəhanə ola bilməz. Makron xüsusilə qeyd edib ki, İran ətrafında yaranmış hərbi gərginlik bu cür hücumlara haqq qazandıra bilməz.

Fransa ordusunun məlumatına görə, hadisə zamanı altı fransız hərbçisi yaralanıb. Həmin hərbçilər bölgədə terrorizmə qarşı mübarizə çərçivəsində yerli qüvvələr üçün təlimlər həyata keçirirdilər. Yaralıların vəziyyəti barədə əlavə məlumat verilməsə də, onların tibbi yardım aldığı bildirilir.

Hadisə baş verən ərazi İraqın şimalında yerləşən Kürdüstan muxtar bölgəsindədir. Ərbil qubernatoru Omed Koşnau bildirib ki, pilotsuz aparat hücumu Ərbil vilayətinin Mahmur rayonu yaxınlığında qeydə alınıb.

Məlumata görə, həmin gecə regionda digər hərbi obyekt də hücuma məruz qalıb. İtaliya Müdafiə Nazirliyi İraq Kürdüstanında yerləşən İtaliya hərbi bazasına edilən hava zərbəsinin qəsdən həyata keçirildiyini açıqlayıb. Hücumun NATO personalının yerləşdiyi obyektə yönəldiyi bildirilib.

Qeyd olunur ki, Ərbil bölgəsində ABŞ hərbi kontingenti də yerləşir və son dövrlərdə regionda gərginliyin artması səbəbindən bu bazalar bir neçə dəfə hücuma məruz qalıb. Xüsusilə ABŞ və İsrail ilə İran arasında yaranmış qarşıdurma fonunda regionda yerləşən koalisiya qüvvələrinin təhlükəsizliyi ilə bağlı risklər artıb.

Bununla yanaşı, Fransa hökuməti müttəfiqlərinə dəstək məqsədilə Aralıq dənizi, Qırmızı dəniz və ehtimal ki, Hörmüz boğazı istiqamətinə aviadaşıyıcı zərbə qrupunun göndərilməsi planını da nəzərdən keçirir.

Poliqon.info

Seçilən
57
poliqon.info

1Mənbələr