AZ

Tramp: İkinci Dünya müharibəsindən bəri İran  qədər ağır zərbələrə məruz qalan ölkə olmayıb...

ABŞ prezidenti İranın raket və pilotsuz aparat infrastrukturlarına qarşı güclü zərbələr endirildiyini bildirib...

Poliqon xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalına verdiyi müsahibədə danışıb. O bildirib ki, İran hazırda İkinci Dünya müharibəsindən sonra heç bir ölkənin üzləşmədiyi səviyyədə hərbi zərbələrə məruz qalır.

Trampın sözlərinə görə, ABŞ qüvvələri İranın hərbi infrastrukturlarına qarşı genişmiqyaslı əməliyyatlar həyata keçirir. O qeyd edib ki, bu əməliyyatlar zamanı İranın çoxsaylı raketləri və pilotsuz uçuş aparatları məhv edilib, həmçinin raket və dron istehsalı ilə bağlı bir sıra hərbi obyektlər sıradan çıxarılıb.

ABŞ prezidenti bildirib ki, həyata keçirilən hücumlar son onilliklər ərzində görünməmiş gücdədir. “Biz onların raketlərinin böyük hissəsini məhv etmişik, çoxlu sayda dronları sıradan çıxarmışıq, raket və dron istehsal edən bir çox obyektlərini dağıtmışıq. Biz onlara elə bir güclə zərbə endiririk ki, belə bir şey İkinci Dünya müharibəsindən bəri heç kim tərəfindən yaşanmayıb”, deyə Tramp vurğulayıb.

Onun sözlərinə görə, bu əməliyyatların məqsədi İranın hərbi potensialını zəiflətmək və regionda təhlükəsizliyi təmin etməkdir. Tramp əlavə edib ki, ABŞ regionda müttəfiqlərinin təhlükəsizliyini qorumaq üçün bütün zəruri addımları atmağa davam edəcək.

Ekspertlər hesab edirlər ki, ABŞ və İran arasında artan gərginlik Yaxın Şərqdə təhlükəsizlik vəziyyətini daha da mürəkkəbləşdirə bilər. Son dövrlərdə regionda baş verən qarşıdurmalar, hərbi əməliyyatlar və raket hücumları beynəlxalq ictimaiyyətin diqqət mərkəzində qalmaqda davam edir.

Poliqon.info

Seçilən
37
poliqon.info

1Mənbələr