AZ

Bulud hesablama sistemlərinin təhlükəsizlik problemlərinə dair tədqiqat beynəlxalq konfransda təqdim olunub

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 13 mart, AZƏRTAC

Bulud hesablama texnologiyaları müasir rəqəmsal infrastrukturda böyük həcmli məlumatların saxlanılması, emalı və paylanması üçün çevik və səmərəli imkanlar yaradır. Bununla yanaşı, bu sistemlərin açıq və paylanmış strukturu yeni təhlükəsizlik risklərinin meydana çıxmasına səbəb olur.

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutundan AZƏRTAC-a bildirilib ki, bu elmi müəssisənin əməkdaşları – icraçı direktor texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov və baş mütəxəssis Oqtay Ələkbərovun həmmüəllifi olduqları tədqiqat işi Hindistanın Benqaluru şəhərində keçirilən Ekspert Bulud Sistemləri və Tətbiqləri üzrə VI Beynəlxalq Konfransda (ICOECA 2026) təqdim olunub.

Bildirilib ki, Məmməd Həşimov konfransda “Bulud hesablama sistemlərinin təhlükəsizlik problemlərinin həllində süni intellekt əsaslı davranış adaptiv autentifikasiya modeli” mövzusunda məruzəni onlayn formatda təqdim edib. O bildirib ki, son dövrlərdə süni intellekt texnologiyaları bulud sistemlərinin təhlükəsizliyi ilə bağlı problemlərin aşkarlanması və qarşısının alınması üçün effektiv yanaşmalar təklif edir.

Tədqiqat çərçivəsində bulud sistemlərinin təhlükəsizliyində süni intellekt tətbiqləri təhlil edilib və istifadəçi davranışlarını real vaxt rejimində izləyərək anomaliyaları aşkarlayan adaptiv müdafiə metodu təqdim olunub.

Qeyd edək ki, ICOECA 2026 konfransının əsas istiqamətlərinə bulud hesablamaları və paylanmış sistemlər, süni intellekt və maşın öyrənməsi, böyük verilənlərin analitikası, Əşyaların İnterneti (IoT), kənar hesablamaları, kibertəhlükəsizlik və bulud təhlükəsizliyi, həmçinin ağıllı tətbiqlər və intellektual sistemlər daxildir. Konfransın materialları nüfuzlu “Scopus” elmi bazasında indeksləşdirilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
azertag.az

1Mənbələr