AZ

Azərbaycan - Aİ münasibətləri mühüm inkişaf mərhələsində...

Təşkilat Bakı ilə əlaqələri genişləndirməkdə və şaxələndirməkdə maraqlıdır

Azərbaycanın xarici siyasət kursu çoxvektorluğu ilə seçilir və qarşılıqlı əməkdaşlığa, milli maraqlara əsaslanır. Ölkəmiz bütün beynəlxalq təşkilatlarla əlaqələrin inkişafında maraqlıdır. Hazırki həssas məqamda Azərbaycan mühüm bir coğrafyada münbit iqtisadi şərait formalaşdırmaqla yanaşı, həm də təhlükəsizlik arxitekturasını yenidən qurur. Bakı siyasi dialoqların daha da irəliyə aparılmasını, sülh və danışıqlar sistemini, terrorizmə qarşı aktiv mübarizəni, eləcə də, beynəlxalq hüququn təsbitini daim dəstəkləyir. Diqqət çəkən məqam odur ki, son dövrlərdə bəzi təşkilatlar və dövlətlər də artıq ənənəvi xəttini rasional yanaşma ilə dəyişir. Məsələn, post-müharibə dövründə bəzi məqamlarda qeyri-adekvat münasibət sərgiləyən Aİ və onun bəzi strukturları artıq Bakının bölgənin lideri statusunu təsdiqləyir. Həmin strukturlar Azərbaycana münasibətdə fərqli davranış ortaya qoyurlar.

Yeni mərhələ: qarşılıqlı dialoq genişləndirilir və institusionallaşdırılır

Aİ Şurasının Prezidenti Antonio Koştanın Bakı səfəri də məhz bu müsbət reallıqların açıq ifadəsi kimi yadda qaldı. Azərbaycan Prezidenti İlham Əliyevlə Aİ Şurasının Prezidenti Antonio Koştanın tarixi birgə mətbuat bəyanatı təşkilat ilə ölkəmiz arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunun göstəricisidir. Qeyd edək ki, bu müsbət tendensiyanın təməli Azərbaycan və Aİ liderləri arasında 2025-ci ilin may ayında Tiranada və oktyabr ayında Kopenhagendə keçirilmiş konstruktiv görüşlər zamanı qoyulub. Ötən il ərzində Azərbaycan və Aİ rəsmilərinin qarşılıqlı səfərləri, təhlükəsizliklə bağlı müzakirələr, dialoq təşkilat ilə ölkəmiz arasında münasibətlərin inkişafına öz töhfəsini verib. Bu müsbət dinamika əməkdaşlığın yeni səviyyəyə yüksəlməsi üçün əlverişli şərait yaradıb. Vurğulanmalıdır ki, Azərbaycan dövləti mühüm toplantılarda, fundamental enerji dialoqlarında, yeni nizamın formalaşdırılması yönündə müzaikrlərdə əsas dövlətlərdən biri kimi qəbul olunur. Bunun da əsas səbəblərindən biri qalib Azərbaycanın xarici siyasət fəlsəfəsinin dünyanın qlobal əhəmiyyətə malik prinsipləri üzərində fokuslanmasındadır. Başqa sözlə, Azərbaycan bütün dünyaya bərabərhüquqlu münasibətlər, beynəlxalq hüquqa hörmət və onun təmin edilməsi, ədalət və qarşılıqlı hörmət prinsipləri üzərində bərqərar olan davarınş kodekstləri təlqin edir. Məhz bu dəyərlərə əsaslanan siyasət nəticəsində Azərbaycan həm regional, həm də beynəlxalq səviyyədə tanınan, hörmət edilən və nüfuz qazanan dövlət statusu əldə edib. Azərbaycan Prezidenti ilə Aİ Şurasının Prezidentinin mətbuata bəyanatında da Azərbaycan-Avropa İttifaqı tərəfdaşlığının strateji əhəmiyyəti vurğulanıb, təhlükəsizlik, enerji və nəqliyyat sahələri də daxil olmaqla, son dövrdə keçirilmiş yüksəksəviyyəli görüşlərin müsbət dinamikasına əsaslanaraq siyasi dialoqun və praktiki əməkdaşlığın daha da dərinləşdirilməsinə sadiqlik ifadə olunub. Qeyd edilib ki, bu əməkdaşlıq hər iki tərəfin ortaq maraqlarını əks etdirir, bütün Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında sülhün, sabitliyin, daşımaların və davamlı inkişafın təşviqinə töhfə verir.

Münasibətlərdə hüquqi əsas: BMT Nizamnaməsi, dövlətlərin suverenliyinə hörmət...

Dövlət başçımız ilə Aİ Şurası Prezidentinin birgə mətbuat bəyanatının əsas mahiyyəti Azərbaycan-Aİ münasibətlərinin yeni mərhələsini, strateji tərəfdaşlıq xarakterini yüksək səviyyədə təsdiqlənməsidir. Sənəd Azərbaycanla Aİ arasında münasibətlərin birgə maraqları əks etdirən və qarşılıqlı hörmət, bərabərlik və ortaq fayda prinsiplərinə əsaslanan strateji əməkdaşlıq olduğunu açıqlayır. Birgə bəyanatda münasibətlərin BMT Nizamnaməsinə, o cümlədən dövlətlərin suverenliyi və ərazi bütövlüyü də daxil olmaqla, beynəlxalq hüquqa tam hörmətlə yanaşılmaqla qarşılıqlı hörmət, bərabərlik və ortaq fayda əsasında qurulduğunu bir daha təsdiq edilib. Bu isə olduqca vacib bir məqamdır. Təəssüfləndirici hal idi ki, Aİ-nin bəzi strukturları ölkəmizə qarşı, suverenliyimizin bərpasına qarşı qeyri-hüquqi münasibət sərgiləyir, bəzən qətnamələr qəbul etməklə, bəzən isə iddialar irəli sürməklə ikitərəfli dialoqa kölgə salırdılar. Bəaynatda bu məqamın vurğulanması məhz bu kimi məqamların aradan qaldırılmaasını özündə əks etdirir.

Paralel olaraq münasibətlərin daha da inkişaf etdirilməsi üçün möhkəm hüquqi çərçivə yaradılması zərurəti açıq şəkildə özünü ortaya qoyur - bu, mətbuata birgə bəyanatda da qeyd olunur. Bəlli olduğu kimi, Bakı dünyanın aparıcı güc və iqtisadi mərkəzləri ilə hərtərəfli strateji əlaqələr qurmaqda maraqlıdır. Biz dünyanın ən böyük iqtisadiyyatlarına malik ölkələrlə analoji münasibətlər formalaşdırmışıq. Birgə bəyanatda da Aİ-Azərbaycan münasibətlərinin inkişafı hədəf kimi göstərilir - vurğulanır ki, yeni əhatəli ikitərəfli saziş üzrə danışıqların tez bir zamanda yekunlaşdırılmasına sadiqliklər ifadə olunub. Tərəflər yenilənmiş Azərbaycan-Aİ Tərəfdaşlıq Prioritetlərinin qəbul edilməsinin və bütün sahələrdə ikitərəfli gündəliyi daha da irəli aparmaq üçün Azərbaycan-Aİ Əməkdaşlıq Şurası da daxil olmaqla, mövcud dialoq mexanizmlərindən tam istifadənin vacibliyini qeyd ediblər.

Sülh və inkişaf: Bakının təşəbbüsləri yenidən təsdiq olunur...

Bakı yeni nizamın təhlükəsizlik konturlarını müəyyənləşdirən sabitləşdirici faktordur. 2020-ci ildə Cənubi Qafqazda yeni reallıqlar formalaşdıran Azərbaycan bölgənin siyasi xarakterini dəyişdi - regionumuz artıq əməkdaşlıq platforması kimi izlənir və qəbul olunur. Qalib ölkə olmasına baxmayaraq Azərbaycanın irəli sürdüyü sülh təşəbbüslərinin Cənubi Qafqazın həm siyasi, həm də iqtisadi gələcəyi üçün yeni strateji xətt müəyyənləşdirməsi vacib amildir. Ötən ilin yayında Vaşinqtonda baş tutan Sammit məhz bu reallıqların uğurlu nəticəsi kimi qəbul edilir. Birgə bəyanatda da bu məsələyə xüsusi yanaşma sərgilənir - belə ki, sənəddə Vaşinqton Sammiti, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi alqışlanır, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma və bərpa işləri vurğulanır. Eləcə də, Aİ Şurası Prezidenti bəyanatda iki ölkənin ikitərəfli dialoq vasitəsilə regionda davamlı sülhə nail olmaq istiqamətində səylərinin Aİ tərəfindən tam dəstəkləndiyini bir daha təsdiqləyir. Bu isə,  Azərbaycanın apardığı sülh siyasəti və yaratdığı yeni reallıqların növbəti təsdiqidir.

Aİ - Azərbaycan münasibətlərində təhlükəsizlik ölçüsü: yeni əməkdaşlıq mərhələsinə doğru

Bəyanatda həmçinin Azərbaycan ilə Aİ-nin müdafiə və təhlükəsizlik  üzrə də əməkdaşlığın genişləndirilməsi niyyəti ifadə edilir. Prezidentlər mütəşəkkil cinayətkarlıq, terrorçuluq, ekstremizm, silah və narkotiklərin qanunsuz dövriyyəsi, çirkli pulların yuyulması, insan alveri və qeyri-düzgün miqrasiya kimi ortaya çıxan təhdidlərin qarşısını almaq məqsədilə müdafiə və təhlükəsizlik sahələrində daha sıx əməkdaşlığın faydasını vurğulayıblar.

Qeyd olunmalıdır ki, qlobal təhlükəsizlik mühitinin sürətlə dəyişdiyi bir dövrdə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin yeni məzmun qazanması xüsusi əhəmiyyət daşıyır. Göründüyü kimi, tərəfdaşlıq artıq tədricən müdafiə və təhlükəsizlik sahələrinə doğru yol alır - müasir çağırışlar, yəni regional münaqişələr, kibertəhlükələr və transmilli risklər tərəflər arasında daha sıx koordinasiyanı zəruri edir. Bu baxımdan Azərbaycan ilə Avropa İttifaqı arasında təhlükəsizlik dialoqunun genişlənməsi həm regional sabitliyin möhkəmləndirilməsinə, həm də Avropa ilə Cənubi Qafqaz arasında etibarlı tərəfdaşlıq mühitinin formalaşmasına xidmət edəcək. Bu isə öz növbəsində enerji infrastrukturunun, enerji dialoqunun təhlükəsizliyinin təminatı deməkdir. Aİ ilə Azərbaycan arasında təhlükəsizlik sahəsində institusional dialoqun genişləndirilməsi, təcrübə mübadiləsi və birgə mexanizmlərin yaradılması gündəmdə duran əsas istiqamətlər kimi ön plana çıxır. Vurğulandığı kimi, perspektiv baxımından tərəflər arasında kibertəhlükəsizlik, sərhəd təhlükəsizliyi, hibrid təhdidlərə qarşı mübarizə və strateji kommunikasiya kimi sahələrdə əməkdaşlığın dərinləşdirilməsi mühüm əhəmiyyət kəsb edəcək. Bu həm də  qarşılıqlı etimadın daha da möhkəmlənməsinə şərait yaradacaq.

Azərbaycanın regional rolu...

Keçirilən görüşlər, əldə olunan razılaşmalar, pesrpektiv əməkdaşlıqlar Aİ ilə Azərbaycan arasında yeni bir gündəm formalaşdırır - təsadüfi deyil ki, Aİ rəhbəri bildirir ki, “Azərbaycanın regional rolu heç vaxt görünmədiyi qədər önəmlidir”. Bəli, Bakı apardığı siyasi kursla qlobal təhlükəsizliyə töhfə verir, sülh və sabitliyin inkişafına dəstək göstərir, kataklizmlərin aradan qalxmasında aparıcı vasitəçi kimi çıxış edir. Beləliklə, Azərbaycanın beynəlxalq siyasətdə qazandığı mövqenin təsadüfi olmadığı bütün konturları ilə üzə çıxır və Aİ tərəfindən də təsdiqlənir. Bu, sistemli və strateji əsasları olan siyasətin nəticəsidir. Çünki Azərbaycan özünün sülh və inkişaf strategiyasını yalnız Cənubi Qafqazla məhdudlaşdırmır - uzun illərdir ki, beynəlxalq səviyyədə sülh və əməkdaşlıq ideyalarının təşviqinə çalışır. Bu ölkəmizin praqmatik və prinsipial, ardıcıl və qətiyyətli, davamlı və qarşılıqlı hörmətə əsaslanan siyasətidir.

P.İSMAYILOV

Seçilən
0
yeniazerbaycan.com

1Mənbələr