AZ

Alimlər Yer üzündə müntəzəm buzlaşma dövrlərinin "səbəbkarı"nı tapıb

Alimlər hesab edirlər ki, Mars planetinin cazibə təsiri Yer üzündə qlobal soyuma və istiləşmə dövrlərinin yaranmasına ciddi təsir göstərə bilər. Bu nəticə Kaliforniya Universitetinin astrofizikləri tərəfindən aparılan kompüter simulyasiyasına əsaslanır...

Poliqon xəbər verir ki, bu barədə Earth.com yazır.

Nəşrin məlumatına görə, Yer kürəsində uzunmüddətli iqlim dəyişiklikləri planetin orbitində və oxunun meyl bucağında baş verən yavaş dəyişikliklərlə birbaşa bağlıdır. Bu amillər Yer səthinə çatan günəş işığının miqdarını və bucağını dəyişdirir.

Araşdırma zamanı alimlər Günəş sisteminin kompüter modelində ayrı-ayrı planetləri "aktivləşdirib" və ya "söndürərək" onların cazibə qüvvəsinin Yer orbitinə və nəticədə iqlimə necə təsir etdiyini araşdırıblar.

Tədqiqatın həmmüəllifi, planetar astrofizika professoru Stiven R. Keyn bildirib: "Bilirdim ki, Mars Yerə müəyyən təsir göstərir, amma bunun çox böyük olmadığını düşünürdüm".

Marsın təsirini yoxlamaq üçün alimlər Günəş sisteminin Marsın mövcud olmadığı versiyasını modelləşdiriblər. Nəticələr göstərib ki, bu halda Yer üzündə 430 min illik böyük orbit-iqlim dövrü qalır. Bu dövrün əsasən Venera və Yupiterin cazibə təsiri ilə bağlı olduğu düşünülür.

Lakin simulyasiya göstərib ki, 100 min illik daha qısa dövr yox olur. Məhz bu dövr Yer tarixində buzlaşma (buz dövrləri) mərhələlərinin yaranmasına cavabdeh hesab olunur.

Alimlər daha sonra Marsı yenidən modelə əlavə edib və onun kütləsini artırıblar. Bu zaman 100 min illik iqlim dövrünün daha da qısaldığı məlum olub.

Tədqiqatın ətraflı nəticələri Publications of the Astronomical Society of the Pacific jurnalında dərc olunub.

Poliqon.info

Seçilən
13
poliqon.info

1Mənbələr