“Çin şirkətləri Azərbaycanda enerji, istehsal və “Bir kəmər — bir yol” çərçivəsində əməkdaşlığı genişləndirir”.
APA xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey səfirlikdə keçirilən brifinqdə deyib.
Səfir bildirib ki, son illər Çin və Azərbaycan arasında əməkdaşlığın keyfiyyəti və praktiki səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşıb: “Çin şirkətləri Azərbaycanla birlikdə enerji, sənaye və texnologiya sahələrində bir çox layihələr həyata keçirir, bu da iki ölkə arasında əməkdaşlığın səmərəliliyini və praktiki nəticələrini artırır”.
Lu Mey həmçinin qeyd edib ki, Çin və Azərbaycan “Bir kəmər — bir yol” təşəbbüsü çərçivəsində yüksək keyfiyyətli əməkdaşlığı irəli aparır: “Bu təşəbbüs çərçivəsində əməkdaşlıq iqtisadi inteqrasiyanı gücləndirir və regionda davamlı əlaqələri dəstəkləyir. Orta dəhliz Çin ilə Avropa arasında ticarət əlaqələrinin inkişafında mühüm rol oynayır və Azərbaycan bu dəhliz vasitəsilə əsas yük axınlarını təmin edir, beləliklə qlobal istehsal və logistika zəncirlərinin sabitliyinə töhfə verir. Bu əməkdaşlıq iki ölkə arasında qarşılıqlı faydalı layihələrin genişləndirilməsinə, iqtisadi inteqrasiyanın dərinləşdirilməsinə və “Bir kəmər — bir yol” təşəbbüsünün uğurla həyata keçirilməsinə xidmət edir”.
Qeyd edək ki, “Bir kəmər — bir yol” təşəbbüsü Çin tərəfindən irəli sürülmüş qlobal layihədir və Azərbaycan bu təşəbbüslə aktiv şəkildə əməkdaşlıq edir, ölkənin coğrafi mövqeyi regionlararası tranzit və ticarət üçün strateji əhəmiyyət kəsb edir.