Bakı, 13 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclasında Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyevin “Novruz bayramı: ənənə və müasirlik” mövzusunda məruzəsi dinlənilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Hikmət Quliyev qeyd edib ki, Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemini özündə cəmləşdirən, onun milli və mədəni kimliyini, həyat fəlsəfəsini, mənəvi dünyasını, estetik zövqünü və inamlarını parlaq şəkildə əks etdirən Novruz bayramı xalqımızın tarixi-mədəni yaddaşında xüsusi yer tutan mühüm və çoxşaxəli mədəniyyət fenomenidir.
Məruzəçi vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinə və tarixinə dərindən bələd olması, milli-mənəvi dəyərlərə verdiyi önəm istər sovet dövründə, istərsə də müstəqillik illərində bu dəyərlərin qorunması və inkişafı istiqamətində mühüm addımların atılmasına, o cümlədən Novruz bayramının dövlət səviyyəsində qeyd olunmasına zəmin yaradıb. Müasir dövrdə də Novruz bayramının dövlət səviyyəsində geniş qeyd olunduğunu deyən alim Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2021-ci ildə Şuşa şəhərində, Cıdır düzündə Novruz tonqalı qalamasının milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində həyata keçirilən dövlət siyasətinin ardıcıllığını ifadə edən rəmzi hadisə kimi qiymətləndirildiyini söyləyib.
“Son illərdə Azərbaycan Milli Elmlər Akademiyasında həyata keçirilən institusional islahatlar və elmi fəaliyyətin yeni prioritet istiqamətlər üzrə təşkili Novruz bayramı fenomeninə həm milli maraqlar, həm də müasir elmi-metodoloji yanaşmalar kontekstində yenidən nəzər yetirilməsini zəruri edir. Bu baxımdan Novruzun tarixi, mifoloji, sosial-mədəni və ritual semantikasının çağdaş elmi metodologiyalar əsasında daha sistemli və konseptual şəkildə araşdırılması aktual elmi vəzifələrdən biri kimi çıxış edir”, - deyə Hikmət Quliyev vurğulayıb.
Məruzəçi diqqətə çatdırıb ki, Novruz bayramı mifoloji təsəvvürlər, kosmoqonik dünya modeli və sosial davranış formalarının sintezini özündə birləşdirən mürəkkəb mədəni sistem kimi elmi baxımdan hərtərəfli araşdırılmalıdır. Bayramın semantik strukturu yalnız təqvim hadisəsi kimi deyil, həm də kollektiv mədəni yaddaşın və sosial münasibətlərin formalaşmasında mühüm rol oynayan ritual-simvolik praktika kimi nəzərdən keçirilməlidir: “Müasir dövrdə qloballaşma prosesləri, rəqəmsal transformasiyalar və kommunikasiya texnologiyalarının sürətli inkişafı ənənəvi mərasim mədəniyyətinin yeni sosial kontekstlərdə təzahürünü aktuallaşdırır. Bu şəraitdə Novruz bayramı ilə bağlı adət və ənənələrin, mərasim davranışlarının və sosial ünsiyyət formalarının müasir transformasiya proseslərinin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu istiqamətdə multidissiplinar yanaşma əsasında tədqiqatların aparılması, müvafiq elmi layihələrin və tədqiqat proqramlarının həyata keçirilməsi qarşıda duran mühüm vəzifələrdən hesab edilməlidir”.
Məsələ ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, Akademiya uzun illər milli-mənəvi dəyərlərimizin, Azərbaycançılıq ideallarının əsas daşıyıcı qüvvələrindən biri olub və təqdim edilən məruzə müasir qloballaşma şəraitində Novruz bayramı ənənəsinin yeni nəsillərə çatdırılması məqsədini daşıyır.
Dünyanın yaradılışı ilə bağlı fikirlərini bölüşən akademik İsa Həbibbəyli Novruz bayramının bir çox ölkələrdə qeyd olunmasına baxmayaraq, ümumtürk mədəniyyətinə daha yaxın olduğunu söyləyib. Qeyd edib ki, məruzəçinin təklifi, o cümlədən orta əsrlər Azərbaycan ədəbiyyatında Novruz bayramının tədqiqi məsələsi olduqca vacib məsələdir.
Qeyd olunanları nəzərə alaraq Rəyasət Heyəti tərəfindən müvafiq qərar qəbul edilib.