Bakı, 13 mart, AZƏRTAC
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST) Azərbaycanın xırdabuynuzlu heyvanların taunu xəstəliyindən azad ölkə statusunu təsdiq edib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, aparılan epizootoloji nəzarət tədbirləri, monitorinqlər, laborator müayinələr və xəstəliyin ölkə ərazisində qeydə alınmamasını təsdiq edən məlumatlar əsasında hazırlanmış müvafiq hesabat ÜHST-yə təqdim edilib. Hesabat ÜHST-nin bu ilin fevral ayında keçirilmiş Heyvan Xəstəlikləri üzrə Elmi Komissiyasının iclasında ətraflı qiymətləndirilib və müsbət rəy verilib. Bununla da, Azərbaycanın xırdabuynuzlu heyvanların taunu xəstəliyindən azad ölkə statusunun 2025-ci il üzrə illik təsdiqi həyata keçirilib.
Qeyd edək ki, həmin statusun saxlanılması ilə bağlı yekun qərarın ÜHST-nin 2026-cı ilin may ayında keçiriləcək Baş Assambleyasında qəbul ediləcək müvafiq qətnamə ilə rəsmiləşdirilməsi nəzərdə tutulur.