AZ

Avropa İttifaqı Şurası ilə Azərbaycan arasındakı münasibətlər yeni mərhələyə daxil olur

Azərbaycanın paytaxtı təkcə regional deyil, həm də Avrasiya miqyasında dialoq, əməkdaşlıq və təhlükəsizlik məsələlərinin müzakirə olunduğu əsas mərkəzlərdən biri kimi tanınır. Bu reallığın arxasında isə uzaqgörən siyasi kurs, balanslı xarici siyasət və ölkəni qlobal tərəfdaşlıqların vacib iştirakçısına çevirən dövlət başçısının ardıcıl düzgün strategiyası dayanır. Ölkəmizin qitənin enerji təhlükəsizliyində oynadığı həlledici rol və regionda yaratdığı yeni geosiyasi reallıqlar Bakını Brüssel üçün əvəzolunmaz tərəfdaşa çevirib. Məhz bu kontekstdə 2026-cı il martın 11-də Azərbaycanın Prezidenti İlham Əliyev ilə Antonio Koşta arasında keçirilən görüş və verilən bəyanatlar Avropa İttifaqı Şurası ilə Azərbaycan münasibətlərinin yeni mərhələyə daxil olduğunu göstərən mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər. Bu səfər sadəcə diplomatik bir protokol deyil, həm də Avropanın Azərbaycana olan etimadının növbəti nümayişidir.

Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə ilə regionda yeni reallıq yaradıb. Artıq hər kəs görür və qəbul edir ki, Azərbaycanın razılığı və iştirakı olmadan regionda hər hansısa bir layihəni reallaşdırmaq mümkün deyil. Buna görə də müxtəlif dövlətlər, beynəlxalq və regional təşkilatlar heç bir tərəddüd etmədən Azərbaycan ilə əməkdaşlığa can atır. Təbii ki, ötən illər ərazində ölkəmizin yaratdığı beynəlxalq əməkdaşlıq platforması bu gün Azərbaycanın regionda yaratdığı yeni reallıqlara uyğun şəkildə əməkdaşlığı daha da inkişaf etdirməyə imkan yaradıb. Artıq bütün dünya qəbul edir ki, Azərbaycan ədaləti bərpa edib, beynəlxalq hüququn ona verdiyi imkanlardan istifadə edərək işğal olunmuş torpaqları düşməndən təmizləyib. Hər kəs bilir ki, dayanıqlı sülh və rifah naminə regionda olan ölkələr arasında əməkdaşlıq əlaqələri genişlənməlidir.

Prezident İlham Əliyevin bəyanatında qeyd olunduğu kimi, Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr hazırda müxtəlif səviyyələrdə tərəfdaşlığın fəal mərhələsindədir. Son illər ərzində Avropa Komissiyası rəsmilərinin Azərbaycana intensiv səfərləri, yüksək səviyyəli dialoqun davamlılığı və yeni iqtisadi təşəbbüslər tərəflər arasında strateji əməkdaşlığın genişlənməsindən xəbər verir. İqtisadi göstəricilər də bu dinamikanı aydın şəkildə təsdiqləyir. Prezidentin qeyd etdiyi kimi, 2026-cı ilin yanvar ayında Azərbaycanın ümumi ticarət dövriyyəsinin təxminən 50 faizi Avropa İttifaqının payına düşüb. Bu fakt Avropa İttifaqının Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olduğunu bir daha göstərir. Tərəflər münasibətlərin daha da inkişaf etdirilməsi üçün möhkəm hüquqi çərçivə yaradaraq yenilənmiş Azərbaycan-Aİ tərəfdaşlıq prioritetlərinin qəbul edilməsi, ikitərəfli gündəliyi daha da zənginləşdirmək üçün güclü iradə nümayiş etdirirlər. Enerji amili Aİ-yə üzv ölkələrlə sıx münasibətlərin güclənməsinə töhfə verməklə siyasi-iqtisadi əməkdaşlığın diversifikasıyasını da təmin edir, dayanıqlı etimad platformasını formalaşdırır. Xüsusilə 2022-ci ildə Avropa Komissiyası ilə imzalanmış Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında sənəd bu sahədə hüquqi təminat baxımından baza rolunu oynayır. Dünyada boru kəməri ilə qaz təchiz edən bir nömrəli dövlət statusu qazanmış Azərbaycan Avropa bazarını artım potensialına malik region kimi müəyyənləşdirməklə genişlənən nəql imkanları fonunda Cənub Qaz Dəhlizinin ixrac qabiliyyətini də gücləndirmək niyyətindədir. Hazırda 16 ölkəyə, o cümlədən 10 Avropa İttifaqı ölkəsinə qaz nəql edən ölkəmiz bu yüksək etimad və mühüm tərəfdaşlığa görə, Avropa Komissiyası tərəfindən Pan-Avropa enerji təminatçısı kimi qəbul edilir. Növbəti iki-üç il ərzində əlavə olaraq 10 milyard kubmetr qaz nəqlinin planlaşdırılması Aİ ilə birgə ixrac infrastrukturlarının daha dayanıqlı vəziyyətdə saxlanılmasını labüd edir ki, Antonio Koştanın səfəri zamanı bu hədəf prioritetinə diqqət çəkilib. Külək, Günəş və su elektrik enerjisi üzrə geniş potensiala malik olan Azərbaycan yaxın 5–6 il ərzində ixrac üçün hazır olan 6–8 giqavatlıq bərpaolunan enerji gücü yaratmağı planlaşdırır. Xəzər hövzəsində külək enerjisi, ölkənin cənub və qərb bölgələrində isə günəş enerjisi layihələri artıq beynəlxalq investorların diqqətini cəlb edir.  Bu istiqamətdə Avropa tərəfdaşları ilə ötürülmə xətləri, dənizaltı enerji kabelləri və yeni enerji infrastrukturu layihələri müzakirə olunur ki, bu da gələcəkdə “yaşıl enerji”nin Avropaya ixracı üçün yeni imkanlar yaradır.

Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri regionda formalaşan yeni sülh mühitidir. Azərbaycan müstəqilliyini 1991-ci ildə bərpa etsə də, dövlət başçısının qeyd etdiyi kimi, ölkə yalnız son yeddi ay ərzində tam sülh şəraitində yaşamağa başlayıb. Azərbaycan ilə Ermənistan arasında paraflanmış sülh sazişi regionda yeni geosiyasi reallıqların formalaşmasına şərait yaradıb. Artıq iqtisadi əməkdaşlıq istiqamətində də konkret addımlar atılır. Azərbaycan Ermənistana mühüm neft məhsullarının təchizatına başlayıb, eyni zamanda digər ölkələrdən Ermənistana yönələn yüklərin Azərbaycan ərazisindən tranziti üçün məhdudiyyətlər aradan qaldırılıb. Bu addımlar yalnız siyasi bəyanatlar deyil, real əməkdaşlıq nümunələri kimi sülh prosesinə praktiki məzmun qazandırır. Orta Dəhliz və yeni iqtisadi imkanlar da zamanın prioritet mövzularındandır. Avropa İttifaqı, eyni zamanda, Azərbaycanla təhlükəsizlik, enerji, rəqəmsal və nəqliyyat sahələrində əməkdaşlığın inkişaf etdirilməsinə dair yeni çərçivə üzərində işləyir. Bu, gələcəyə birgə baxışa dair güclü siqnal verir. Tərəflər üçün prioritet sahələrdən olan müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsi də mühüm mesajlardan biri kimi diqqətdədir. 

Siyasi iradə, iqtisadi potensial və sülhə yönəlmiş siyasət Azərbaycanın Avropa ilə münasibətlərini daha da dərinləşdirəcək əsas faktorlar kimi qiymətləndirilə bilər.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Seçilən
56
5
ikisahil.az

10Mənbələr