AZ

Azərbaycanda 50 minə yaxın müəllimin ixtisar oluna bilər - Vitse-spiker

"Məlum olduğu kimi, son bir neçə il ərzində Azərbaycanda əhalinin artım tempində azalma müşahidə olunur. 2015-ci ildə Azərbaycanda 160 mindən çox uşaq doğulduğu halda, 2025-ci ildə bu göstərici 100 minin altında oldu. 2015-ci ildə Azərbaycanın məktəblərində 1,5 milyondan çox uşaq təhsil alırdı. Bu isə o deməkdir ki, növbəti dövrlərdə məktəblərimizdə oxuyanların sayı əhəmiyyətli dərəcədə azalacaq və bu vəziyyət 50 minə yaxın müəllimin ixtisarı riskini yarada bilər".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclsında deputat Əli Əhmədov bildirdi.

O qeyd etdi ki, bir neçə onillikdən sonra isə pensiya alan əhali ilə əmək qabiliyyətində olan əhali arasında nisbət ciddi şəkildə dəyişə bilər:

"Bu isə iqtisadiyyatımıza və sosial siyasətimizə ciddi təsir göstərə bilər. Güman edirəm ki, 2026-cı ildə və sonrakı illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi və hökumət demoqrafik məsələlərə diqqəti daha da artıracaq.

Fürsətdən istifadə edib qısa olaraq bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Təxminən 35-40 il əvvəl Bakı şəhərində və Azərbaycanın digər bölgələrində istismara verilən binalarda quraşdırılan liftlərin istismar müddəti çoxdan başa çatıb. Bu gün minlərlə köhnəlmiş lift mövcuddur. Həmin binalarda yaşayan insanların bu liftləri dəyişdirmək imkanları çox məhduddur. Hesab edirəm ki, hökumət bu məsələyə müdaxilə etməzsə, liftlərin dəyişdirilməsi çox çətin problemə çevriləcək və qısa müddət ərzində onların sıradan çıxması riski artacaq. Bu səbəbdən hökumətdən xahiş edirəm ki, beşillik və ya onillik proqram çərçivəsində liftlərin mərhələli şəkildə dəyişdirilməsi üçün müvafiq addımlar atılsın".

Nuriyyə NATİQQIZI

Seçilən
21
12
redaktor.az

10Mənbələr