AZ

Zəngilanda Ekoloji məsələlər üzrə işçi qrupunun iclası keçirilir

Zəngilanın Ağalı kəndində işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılan Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun iclası keçirilir.

"Far.Az"un Zəngilana ezam olunan əməkdaşı xəbər verir ki, iclasda Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, həmçinin işçi qrupun üzvləri və dəvət olunan digər qurumların nümayəndələri iştirak edirlər.

İclasda İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri, Cəbrayıl, Qubadlı, Zəngilan, Ağdərə, Xocalı, Laçın, Kəlbəcər, Şuşa, Ağdam, Füzuli, Xocavənd rayonlarında və Xankəndi şəhərində Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliklərinin, eləcə də Bərpa, Tikinti və İdarəetmə Xidmətlərinin nümayəndələri iştirak edir.

İclasda İşçi qrup üzvləri və dəvət olunan digər qurumların nümayəndələri tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastruktur layihələri həyata keçirilərkən və yaşıllıqların götürülməsi zamanı ekoloji tələblərin icra vəziyyəti, xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyətinin bərpası və yeni yaradılan milli parklar haqqında, bu ərazilərin biomüxtəlifliyi, nadir və nəsli kəsilmək təhlükəsi altında olan bitki və heyvan növləri haqqında, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" üzrə həyata keçirilən ekoloji fəaliyyətlər və "Böyük Qayıdışa dair II Dövlət Proqramı"nın layihəsi haqqında, Oxçuçayın suyunun keyfiyyətinin təbii və antropogen təsirlər altında dinamikası haqqında iclas iştirakçılarına məlumat veriləcək.

İclasda iştirak edən digər qurumların nümayəndələri tərəfindən infrastruktur layihələri həyata keçirilərkən ekoloji icazələrlə bağlı qaldırılan məsələlər və müvafiq qurumlar arasında kommunikasiyanın gücləndirilməsi, fəaliyyətin əlaqələndirilməsi məqsədilə Əlaqələndirmə Qərargahı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı məsələlər müzakirə ediləcək.

Seçilən
76
9
far.az

10Mənbələr