AZ

Regional təhlükəsizlik Azərbaycanın dövlət siyasətinin əsas prioritetidir - Azər Qarayev

Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumundakı çıxışında regional təhlükəsizliyin Azərbaycan üçün bir nömrəli prioritet olduğunu vurğulamaqla ölkənin son onilliklərdə keçdiyi mürəkkəb siyasi və hərbi mərhələlərin məntiqi nəticəsini ifadə etmiş oldu.

Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

Onun sözlərinə görə, Azərbaycanın uzun illər işğal şəraitində yaşaması, ərazi bütövlüyünün bərpası uğrunda apardığı mübarizə və postmünaqişə dövrünə keçid təhlükəsizlik məsələsini dövlət siyasətinin əsas istiqamətinə çevirib:

"Bu baxımdan dövlət başçısının forumdakı çıxışı yalnız cari vəziyyətin qiymətləndirilməsi deyil, həm də Azərbaycanın gələcək regional strategiyasının konturlarının təqdimatı kimi dəyərləndirilə bilər.

Çıxışda diqqət çəkən əsas məqamlardan biri ondan ibarətdir ki, dövlət başçısı təhlükəsizliyi yalnız hərbi aspektdə deyil, daha geniş anlayış kimi təqdim edir. Onun fikirlərindən aydın olur ki, sabitlik, enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, nəqliyyat dəhlizləri və siyasi dialoq bir-biri ilə sıx bağlı elementlərdir və bunlardan hər hansı birinin pozulması ümumi təhlükəsizlik mühitinə mənfi təsir göstərir. Bu yanaşma müasir beynəlxalq münasibətlər sistemində geniş yayılmış "kompleks təhlükəsizlik" modelinə uyğun gəlir və Azərbaycanın da öz siyasətini məhz bu model üzərində qurduğunu göstərir".

A.Qarayev qeyd edib ki, Prezident İlham Əliyevin çıxışında münaqişədən sonra sülh mərhələsinə keçidin xüsusi vurğulanması da diqqətəlayiqdir:

"Azərbaycanın əvvəlcə hərbi yolla ərazi bütövlüyünü bərpa etməsi, daha sonra isə siyasi və diplomatik vasitələrlə regionda sabitliyin təmin olunmasına çalışması rəsmi Bakının strategiyasının yalnız qələbə əldə etmək deyil, uzunmüddətli sülh qurmaq üzərində qurulduğunu göstərir. Dövlət başçısının qeyd etdiyi kimi, sülhün əldə olunmasından sonra sərhəddə sabitliyin yaranması, iqtisadi əlaqələrin bərpası və qarşılıqlı etimadın formalaşdırılması regionda yeni mərhələnin başladığını göstərir. Bu yanaşma Azərbaycanın özünü regionda sabitlik yaradan aktor kimi təqdim etməsinə xidmət edir. Çıxışda beynəlxalq təşkilatların fəaliyyəti və uzun illər davam edən danışıqlar prosesinin nəticəsiz qalması ilə bağlı səsləndirilən fikirlər də siyasi mesaj kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyev vasitəçilik institutlarının səmərəsizliyinə diqqət çəkərək, ikitərəfli dialoqun daha effektiv olduğunu vurğuladı. Bu mövqe Azərbaycanın gələcəkdə regional məsələlərin həllində daha çox birbaşa danışıqlara üstünlük verəcəyini göstərir. Eyni zamanda, bu yanaşma ölkənin öz gücünə arxalanan siyasət yürütmək niyyətində olduğunu da nümayiş etdirir".

Politoloq vurğulayıb ki, enerji təhlükəsizliyi ilə bağlı fikirlər çıxışın mühüm hissəsini təşkil etdi:

"Prezident İlham Əliyev Azərbaycanın yalnız enerji istehsalçısı deyil, həm də etibarlı tərəfdaş kimi çıxış etdiyini qeyd etməklə ölkənin beynəlxalq bazarda rolunun artdığını vurğuladı. Qaz ixracının genişlənməsi, yeni ölkələrin Azərbaycanla əməkdaşlığa qoşulması və boru kəmərləri vasitəsilə həyata keçirilən tədarük coğrafiyasının böyüməsi ölkənin strateji əhəmiyyətini artıran amillər kimi təqdim olundu. Bu, həm də onu göstərir ki, Azərbaycan enerji siyasətini yalnız iqtisadi gəlir mənbəyi kimi deyil, milli təhlükəsizliyin tərkib hissəsi kimi qiymətləndirir. Nəqliyyat və logistika dəhlizləri ilə bağlı səsləndirilən fikirlər də çıxışın əsas istiqamətlərindən biri idi. Dövlət başçısı Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub marşrutlarında mühüm rol oynadığını qeyd etməklə ölkənin regional tranzit mərkəzinə çevrildiyini vurğuladı. Xüsusilə yeni kommunikasiya xətlərinin açılması və region ölkələri arasında bağlılığın artırılması ilə bağlı planlar Azərbaycanın postmünaqişə dövründə iqtisadi inteqrasiya modelinə üstünlük verdiyini göstərir. Bu yanaşma həm də onu göstərir ki, rəsmi Bakı sabitliyin yalnız siyasi razılaşmalarla deyil, qarşılıqlı iqtisadi maraqların formalaşması ilə möhkəmlənəcəyini hesab edir".

A.Qarayev vurğulayıb ki, çıxışın ümumi məzmunu onu deməyə əsas verir ki, Azərbaycan hazırkı mərhələdə üç əsas istiqaməti prioritet hesab edir: təhlükəsizlik, enerji əməkdaşlığı və regional bağlılıq.

"Bu üç istiqamət bir-birini tamamlayan elementlər kimi təqdim olunur və ölkənin uzunmüddətli inkişaf strategiyasının əsasını təşkil edir. Prezident İlham Əliyevin forum kimi beynəlxalq platformada bu mövzulara geniş yer ayırması Azərbaycanın öz təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşmək və eyni zamanda regionda yeni əməkdaşlıq modelini təşviq etmək niyyətində olduğunu göstərir. Ümumilikdə, çıxışdan belə nəticə çıxarmaq olar ki, Azərbaycan postmünaqişə dövründə siyasətini güc amili ilə yanaşı diplomatiya, iqtisadi əməkdaşlıq və regional inteqrasiya üzərində qurmağa çalışır. Bu yanaşma ölkənin yalnız milli maraqlarını qorumağa deyil, eyni zamanda Cənubi Qafqazda uzunmüddətli sabitlik və təhlükəsizlik mühitinin formalaşmasına yönəldiyini nümayiş etdirir".

Seçilən
0
1
day.az

2Mənbələr