Yaxın Şərqdə davam edən müharibə demək olar ki, hava və quru nəqliyyatını iflic edib. Hava limanları və beynəlxalq əhəmiyyətli yollar ya bağlanıb, ya da ciddi məhdudiyyətlərlə fəaliyyət göstərir.
Məlumdur ki, hadisələrin mərkəzində qalan ərəb ölkələri uzun illər sabitlik adası hesab olunurdu. Bu səbəbdən Dubay başda olmaqla, Körfəz ölkələrinin şəhərləri turistlər üçün cəlbedici məkanlardan biri sayılırdı.
Hazırda isə həmin şəhərlərdə ciddi təhlükəsizlik böhranı müşahidə olunur.
Maraqlıdır, hadisələrin bu cür inkişafı həm ölkəmizin, həm də regionun turizmi üçün nələr vəd edir?
Mövzu ilə bağlı Day.Az-a danışan turizm eksperti Əziz Şiriyev deyib ki, hazırda dünyada və regionda baş verən proseslər turizm sahəsinə ciddi təsir göstərir.
"Turizm iqtisadi olaraq həssas sahədir və xarici turistlərin ölkəyə gəlişi həm birbaşa, həm də dolayı yolla iqtisadiyyata müsbət təsir göstərir. Ölkəmiz artıq beynəlxalq səviyyədə təhlükəsiz ölkə kimi tanınıb və bu, yaxın gələcəkdə daha çox turistin Azərbaycana səfər etməsinə şərait yaradacaq. Azərbaycanın turizm bazarında gələn turistləri kateqoriyalara bölmək olar. Hazırda əsas gələn ölkələr arasında körfəz ölkələri, MDB dövlətləri (xüsusilə Qazaxıstan və Özbəkistan) və Avropa ölkələri yer alır. Eyni zamanda, Asiya ölkələri, xüsusilə Çin, Azərbaycana marağını artırır."
Ekspertin sözlərinə görə, artıq ərəb ölkələrinə səfərlərin təhlükəsizlik baxımından məhdudlaşması səbəbindən turistlər daha çox Azərbaycana yönəlir.
"Bu istiqamətdə turizm strategiyası çərçivəsində ölkəyə gələn turistlərin cəlb olunması üçün tədbirlər görülür: turizm agentlikləri və blogerlər Azərbaycanda tarixi, mədəni və turistik məkanları nümayiş etdirir, bununla turistlər üçün xüsusi tur paketləri hazırlanır."
Əziz Şiriyev Azərbaycan vətəndaşlarının da turizm planlarında dəyişiklik etdiyini deyib.
"Azərbaycan vətəndaşlarının xaricə səfərlərində də dəyişikliklər müşahidə olunur. Ən çox seçilən istiqamətlər hələ də Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri olsa da, son dövrlərdə təhlükəsizlik səbəbi ilə Dubay və bəzi körfəz ölkələrinə səfərlər məhdudlaşıb. Vətəndaşlar daha təhlükəsiz ölkələrə - Gürcüstana, Türkiyəyə, Avropa ölkələrinə, həmçinin Maldiv, Malayziya, Singapur və Tayland kimi Asiya istiqamətlərinə yönəlirlər. Turizm şirkətləri isə müştərilərin təhlükəsizlik səbəbləri ilə səfər istiqamətlərini dəyişməsinə dəstək olur, bəzən müvəqqəti təxirə salınmalar həyata keçirilir ki, münaqişə bitdikdən sonra planlar davam etdirilsin. Bu yanaşma turistlərin təhlükəsizliyini təmin etmək və ölkəyə gələn turist axınını qorumaq baxımından vacibdir."
Elvin Səxavətoğlu
Day.Az