AZ

“Ümidli Gələcək” İB nümayəndələri Bişkekdə beynəlxalq təcrübə mübadiləsi səfərində iştirak edib » AzadMedia.az


28 fevral – 7 mart 2026-cı il tarixlərində "Ümidli Gələcək" Gənclər Təşkilatı - Reliable Future Youth NGO “ Sosial Təşəbbüslər İctimai Birliyinin nümayəndə heyəti Qırğızıstan Respublikasının Bişkek şəhərinə təcrübə mübadiləsi səfəri həyata keçirib. Səfərin məqsədi uşaq müdafiəsi və qadın hüquqlarının qorunması sahəsində fəaliyyət göstərən qurumlarla əməkdaşlığın genişləndirilməsi, mövcud təcrübələrin paylaşılması və regional tərəfdaşlığın gücləndirilməsi olub.

Səfər çərçivəsində Qırğızıstanda uşaq və qadın hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən dövlət qurumları, qeyri-hökumət təşkilatları və sosial xidmət mərkəzləri ilə bir sıra görüşlər keçirilib. Nümayəndə heyəti Qırğızıstanın Uşaqları Müdafiə Liqası İctimai Fondunun Общественный Фонд «Лига Защитников Прав Ребенка» nəzdində fəaliyyət göstərən sosial xidmət mərkəzləri ilə tanış olub, burada həyata keçirilən sosial-psixoloji xidmətlər, məşğulluq proqramları, gənc analar, qızlar və uşaqlar üçün sosial dəstək fəaliyyətləri barədə məlumat əldə edib.

Səfər zamanı Qırğızıstan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən 111 Uşaq Qaynar Xətti xidmətinə də baş çəkilib. Görüşdə qaynar xəttin fəaliyyəti, müraciətlərin qəbulu və cavablandırılması mexanizmləri, məlumat bazası və mövcud resurslar barədə təqdimat keçirilib və qarşılıqlı təcrübə mübadiləsi aparılıb.

Nümayəndə heyəti həmçinin Qırğızıstan Respublikasının Ombudsman Aparatı ilə görüş keçirib. Görüş zamanı “Ümidli Gələcək” İB tərəfindən Azərbaycanda uşaq müdafiəsi sahəsində həyata keçirilən fəaliyyətlər təqdim olunub. Təqdimat çərçivəsində uşaq qaynar xətti xidməti, yuvenal ədliyyə sistemi, zorakılığa məruz qalmış uşaqlar üçün sosial reabilitasiya mərkəzləri, eləcə də ölkədə mövcud qanunvericilik və institusional mexanizmlər barədə məlumat verilib.

Səfər proqramına həmçinin Bişkek şəhərində zorakılıq qurbanı olmuş uşaqlar üçün fəaliyyət göstərən reabilitasiya mərkəzinə ziyarət də daxil edilib. Burada uşaqlarla aparılan sosial-psixoloji reabilitasiya, qiymətləndirmə və reinteqrasiya mexanizmləri ilə tanışlıq aparılıb. Diqqət çəkən məqamlardan biri bəzi sosial xidmət mərkəzlərinin məktəblərin ərazisində yerləşməsi və bunun uşaqların xidmətlərə çıxışını asanlaşdırması olub.

Nümayəndə heyəti Qırğızıstan Parlamentinin sosial məsələlər üzrə komitəsi, Uşaq Hüquqları üzrə Müvəkkili, eləcə də Ədliyyə Nazirliyinin Probasiya Xidməti ilə görüşlər keçirərək uşaq müdafiəsi sahəsində hüquqi mexanizmlər, yuvenal ədliyyə proqramları və sosial reabilitasiya tədbirləri barədə fikir mübadiləsi aparıb.

Səfərin yekununda region ölkələri arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm addım atılıb. Belə ki, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın uşaq müdafiəsi sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandum regionda uşaq hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin inkişaf etdirilməsi və birgə təşəbbüslərin həyata keçirilməsini nəzərdə tutur.

Bu əməkdaşlığın gələcəkdə regionda uşaq müdafiəsi sisteminin gücləndirilməsinə və uşaqların təhlükəsiz və sağlam inkişafına mühüm töhfə verəcəyi gözlənilir.

https://www.instagram.com/crdl_kg?igsh=Mjhjc2NxdHE1MmJn


Seçilən
48
1
azadmedia.az

2Mənbələr